“Qarabağ Azərbaycandır!” adlı inşa-yazı müsabiqəsi keçirilib

“Qarabağ Azərbaycandır!” adlı inşa-yazı müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən 1 noyabr 2019-cu il tarixində rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında “Qarabağ Azərbaycandır!” mövzusunda keçirilən inşa-yazı müsabiqəsi ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin sədri Salman Salmanov və tələbələr iştirak ediblər.

Qeyd edək ki, bu ilin 3 oktyabr tarixində Soçi şəhərində Valday Diskussiya Klubunun keçirdiyi ənənəvi beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev növbəti tarixi çıxışı ilə işğalçı və qondarma dövlət olan Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun simasında erməni yalanını növbəti dəfə ifşa edib. Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu çıxış bu günədək beynəlxalq və yerli mətbuatda rəğbətlə qarşılanıb. Əslində Prezident İlham Əliyev istər ölkəmizdə keçirilən tədbirlərdə, istərsə də xarici səfərlər zamanı keçirilər görüşlərdə və tədbirlərdə çıxış edərkən xalqımızın haqq səsini qətiyyətlə səsləndirib və heç nədən çəkinmədən Ermənistanı ittiham edib. Prezidentin hər çıxışının bugünkü gənclərin formalaşmasında böyük rolu var və buna görə də, gənclərimiz dövlət başçısının fəaliyyətini diqqətlə izləmələri, onun milli ruhla və vətənpərvər çıxışlarını özlərinin yol xəritəsi hesab etməlidirlər. Bütün buların fonunda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Nəsimi rayonu əsarizində yerləşən ali məktəblərdə davamlı olaraq, müxtəlif layihələr həyata keçirib.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən 1 noyabr 2019-cu il tarixində rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Bununla bağlı bütün universitetlərdə tələbə gənclər arasında məlumatlandırma aparılıb. Qısa müddət ərzində bu müsabiqədə iştirak etmək üçün 3 mindən çox gənc müraciət edib. Müraciət edənlər arasında xarici tələbələr də olub. Müsabiqə əsasən Azərbaycan Dövlət Tibb, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dillər və Bakı Slavyan Universitetlərinin tələbələri iştirak ediblər. Müsabiqənin nəticələri bu ilin dekabr ayının sonuncu həftəsində elan olunacaq və qaliblər mükafatlandırılacaqdır.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə