Məktəblərdə “Uşaq hüquqları aylığı” keçirilir FOTO

Məktəblərdə “Uşaq hüquqları aylığı” keçirilir FOTO

Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Dəyirmi masa”, seminar, müsabiqə və sərgilər təşkil olunur.

“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.

Təhsil İdarsindən SİA-ya verilən məlumata görə, tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilir. Bildirilir ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir.

Bundan əlavə, çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıblar.

Qeyd edək ki, təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə