Dünyada doğulan hər 700 uşaqdan biri daun xəstəliyindən əziyyət çəkir

Dünyada doğulan hər 700 uşaqdan biri daun xəstəliyindən əziyyət çəkir
Statistik məlumatlara görə, dünyada doğulan hər 700 uşaqdan biri daun xəstəliyindən əziyyət çəkir. Daun sindromu ilə dünyaya uşaqgətirmə ehtimalı 35-40 yaşlı qadınlarda on dəfə, 40 yaşdan yuxarı olanlarda isə yüz dəfə çoxdur. SİA-nın xəbərinə görə, bu fikirlər "Dəcəllər" Daun Sindromlu Şəxslərin Assosiasiyasının müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş 21 mart – Ümumdünya Daun Sindromlu İnsanların gününə həsr edilmiş konfransda səsləndirilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının sektor müdiri Yeganə Cəfərova və Müvəkkilin əlillərin hüquqları üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudov çıxış ediblər. Onlar ölkəmizdə anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşaraq əlil olmuş şəxslərin, habelə orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində sağlamlıq imkanları məhdud olmuş uşaqların hüquqlarının kompleks şəkildə təmin edilməsi, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası məsələlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eləcə də digər qanunvericilik aktlarında geniş təsbit olunduğunu diqqətə çatdırıblar. Bu qəbildən olan insanların, o cümlədən daun sindromlu şəxslərin hamı kimi bərabər hüquqlara malik olduqları, onların barəsində ayrı-seçkiliyin qadağan olunduğu və qanunla təqib edildiyi vurğulanıb.

Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsinin Müvəkkilin daim diqqətində olduğu, bu kateqoriyadan olan insanların problemlərini öyrəndiyi, həllində kömək göstərdiyi, 3 dekabr – Beynəlxalq Əlilliyi olan İnsanlar Günü, 5 may –Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Günü, 21 mart – Ümumdünya Daun Sindromlu İnsanların Günü münasibətilə konfranslar və maarifləndirici seminarlar təşkil edildiyi diqqətə çatdırılıb. Müvəkkilin öz illik məruzələrində BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiya və Fakültativ Protokolunun dövlətimiz tərəfindən ratifikasiyasını təklif etdiyi və dövlətimizin əlilliyi olan insanlara diqqəti nəticəsində adı çəkilən beynəlxalq müqavilələrin 2008-ci il 2 oktyabr tarixli Qanununa əsasən, müvafiq bəyanatlarla ratifikasiya edilərək, ölkəmizə münasibətdə 2009-cu il 28 yanvar tarixdən qüvvəyə mindiyi qeyd olunub.

Ombudsmanın "Dəcəllər" Daun Sindromlu Şəxslərin Assosiasiyası ilə bu uşaqların hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı əlaqələr qurduğu və onların cəmiyyətə inteqrasiyası, ehtiyaclarının aradan qaldırılması, istedadının, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində öz töhfələrini verdiyi, xeyriyyəçilik ənənəsinə sadiq qalaraq, əməkdaşları ilə birlikdə daun sindromlu uşaqlara yardımlar göstərdiyi vurğulanıb. "Dəcəllər" Daun Sindromlu Şəxslərin Assosiasiyasının rəhbəri Zərifə Məmmədova və digər QHT təmsilçiləri əlilliyi olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğısına, problemlərinin həllində göstərdiyi köməyə və dəstəyinə görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə