Məleykə Abbaszadə: “Bu il Lənkəran və Şəkidə də qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur” - AÇIQLAMA

"Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarının keçirildiyi regionların sayını artıracaq. Belə ki, bu il ali məktəblərə qəbul imtahanı Lənkəran şəhərinə də təşkil olunacaq". SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, cari il Bakı, Naxçıvan, Sumqayıt və Gəncədə bütün qruplar üzrə qəbul imtahanları baş tutacaq. Onun sözlərinə görə, Lənkəranda isə imtahanlar yalnız bir ixtisas üzrə olacaq: "İmtahanın nəticələrindən asılı olaraq gələn ildən Lənkəranda qəbul imtahanları bütün ixtisaslar üzrə keçiriləcək. Bundan əlavə, bu il daha bir regionda da qəbul imtahanın keçirilməsini düşünürük. Şəkidə zona müşavirəsində iştirak edərkən bu məsələni orada da müzakirə etdik. Ola bilsin ki, Şəkidə də bir ixtisas qrupu üzrə imtahan keçirilsin. Amma hələ dəqiq deyə bilmərəm ki, Lənkəranda və Şəkidə imtahanlar hansı qrup üzrə təşkil olunacaq".

Komissiya sədri rezidenturaya qəbul imtahanlarının nə zaman keçirilməsi məsələsinə də münasibət bildirib. O bildirib ki, martın sonlarında rezidenturaya qəbul qaydaları və proqramları, model testləri ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, martın sonlarında həmçinin, rezidenturaya qəbul imtahanının dəqiq vaxtı barədə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə