ADU-nun müəllimləri dil bacarıqlarını təkmilləşdirir

ADU-nun müəllimləri dil bacarıqlarını təkmilləşdirir

Fevralın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Alman dili fakültəsinin müəllimlərinin təkmilləşmə seminarlarına start verilib. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, seminarları Almaniyanın Heydelberq universitetinin professoru Robert Şmitt-Brandt aparır. "Xarici dilin tədrsinin ilkin metodları", "Öyrənmə dəyişkənliyi", "Universal öyrənmə (beyin mərkəzləri)", "İnsanlarda dilin inkişafı", "Uşaqlarda dilin inkişafı prosesi (ilkin dil bacarıqları)", "Yetkin insanlarda dilin inkişafı (ikinci dil bacarıqları)", "Xarici dilin tədrisinin müasir metodları", "Tərcümə və tərcümə prosesi", "Standard dillər və dialektlər", "Ölkəşünaslıq", "Dil və yazı" və "Dil , ruh və mədəniyyət" mövzularını əhatə edən alman dili müəllimlərinin təkmilləşmə seminarları 12 həftə davam edəcək. Seminarlara Alman dili fakültəsinin 10 müəllimi qatılıb.

Alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanovanın da iştirak etdiyi ilk seminarda Heydelberq Universitetinin professoru Robert Şmitt-Brandt dünyada mövcud olan dil ailələrindən, dillərin yaranma prosesindən, inkişafından və xüsusiyyətlərindən danışdı. İnsan və heyvanların fərqli xüsusiyyətlərinə toxunan Almaniyalı professor bildirdi ki, insanın fiziki quruluşu və inkişaf dinamikası onun danışmasına imkan verir. Robert Şmitt-Brandt sözlərinə onu da əlavə etdi ki, heyvanlarda isə bu xüsusiyyətlər mövcud deyil.

Seminarın sonunda Heydelberq Universitetinin professoru müəllimləri maraqlandıran sualları cavablandırıb. Onu da qeyd edək ki, Robert Şmitt-Brandt ADU-nun Alman dili fakültəsində əsas fənn müəllimi kimi çalışacaq. Belə ki, professor IV kursda təhsil alan tələbələrə əsas dil fənnindən bir semestr ərzində dərs deyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə