Masallıda “5 Oktyabr - Müəllimlər günü” qeyd edildi

Masallı şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində müəllimləri əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, təhsilin uğurlarından danışaraq, pedaqoji fəaliyyəti və yüksək peşəkarlıq səviyyəsi ilə seçilən müəllimləri Rayon İcra Hakimiyyəti adından Fəxri Fərmanlarla təltif etdi.

Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, müəllimlərin qazandığı uğurlardan danışıb. O qeyd edib ki, Masallılı müəllimlər rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Müəllimlərin əməyi dovlət tərəfindən lazımınca qiymətləndirilir.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş Q,İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin riyaziyyat müəllimi Jalə Adəm qızı Seyfullayevanı, “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” fəxri adına layiq görülən Bala Kolatan kənd tam orta məktəbinin direktoru Elmar Şakir oğlu Qulamov və Q,İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin ingilis dili müəllimi Naidə Şakir qızı Məmmədovanı, eləcə də Təhsil Nazirliyinin Fəxri Fərmani ilə təltif edilmiş “Dəfinə” məktəb liseyinin kimya-biologiya müəllimi Fərasət Əlizadə oğlu İbadullayevi, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Mirtahir Həsənağa oğlu Abdullayevi və E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin coğrafiya müəllimi Əlizamin Əlipaşa oğlu Məmmədəliyevi təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Dəmirçi kənd ümumi orta məktəbin gənc müəllim İradə İmanbəyli, H.Sadıqov adına Eminli kənd tam orta məktəbin qocaman müəllimi Vəzir Allahverdiyev, Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin müəllimi Jalə Seyfullayeva, ATİAHİ Masallı rayon komitəsinin sədri Səfail Eyvazov, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev çıxış edərək, həmkarlarına ən xoş arzularını çatdırıb, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qabaqcıl və işgüzar müəllimlərin bir qrupuna Masallı Rayon Təhsil Şöbəsinin, Masallı Rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının və "Masallı Ziyalıları" İctimai Birliyinin Fəxri Fərmanları və qiymətli hədiyyələri verilib.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə