“Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabının təqdimatı olub - FOTOLAR

“Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabının təqdimatı olub - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarix İnstitutu “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabının 4 oktyabr 2019 cu il tarixdə Mərkəzi Elmi Kitabxanada Azərbaycan Respublikası yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, layihənin rəhbəri AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir.

Təqdimatda ilk öncə sözü alan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Sovet ideologiyası arxivə göndərilmiş, onun yerinə ölkəmizin yeni dövlətçilik ideologiyasının formalaşdırılması məsələsi gündəmə əsas məsələlərdən biri kimi daxil olmuşdur. Bugün fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan müstəqil dövlətinin ideologiyasını formalaşdıran Azərbaycanın ümummilli lideri Heydər Əliyevdir. Heydər Əliyevin 20-ci əsin sonlarında Azərbaycanda keçirdiyi Dünya Azərbaycanlılarının qurultayları, bu istiqamətdə aparılan digər ideya təşkilatçılıq işləri sözün əsl mənasında həm xalqa öz milli mənəvi keçmişini, soy-kökünü mənimsətmək, həm də dövlətçilik ideologiyasını formalaşdırmaq vəzifələrini müəyyən etməyə istiqamətləndirmişdi.

Daha sonra çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə öz çıxışında kitabdakı bəzi məqamlara toxunaraq, Azərbaycançılıq ideologiyası haqqında özünün də maraqlandığını və yazılan yazılara, kitablara çox həssas yanaşdığını deyib.

Layihənin rəhbəri Tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli isə öz növbəsində bildirib ki, bu gün Azərbaycançılıq ideologiyası adlı kitabının təqdimatındayıq: "Bu gün bu mövzu çox aktual və vacibdir. Bizdən də qabaq görkəmli alimlər, elm adamları bu mövzuda işləyiblər və gözəl əsərlər yazıblar. Qeyd etmək istərdim ki, bizim kitabımız Azərbaycan tarixşünaslığında bu səpkidə ilk dəfə tədqiq olunub. Kitabda Azərbaycançılıq ideologiyası, tarixi köklərin öyrənilməsinə mühüm yer ayrılıb".

Tədbir kitabın müzakirəsinə dair çıxışlarla sona çatıb.

Aysel MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə