Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin isə etibar etdiyi şəxsdir. Bir şəxsiyyət kimi formalaşmağımızda bu peşə sahiblərinin üzərimizdə böyük zəhməti və əvəzsiz xidmətləri var. Onlar bizim daxili dünyasımızı zənginləşdirməklə anaşı, hərtərəfli tərbiyə edir, savad verir və ən əsası isə vətəndaş kimi formalaşmağımıza yardım edir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında bir qrup müəllim “Əməkdar müəllim” adı, “Tərəqqi” medalı ilə təltif olunub. Oktyabrın 5-də Azərbaycanda “Müəllimlər Günü” nün qeyd edildiyini nəzərə alaraq, deyə bilərik ki, təhsil işçiləri öz peşə bayramlarını ikiqat sevinc içində qeyd edəcəklər. Biz də pedaqoji fəaliyyətlə məşğul olan bir neçə müəllimi həm Azərbaycan Prezidenti tərəfindən mükafatlandırılması, həm də peşə bayramları münasibətilə təbrik etmək qərarına gəldik.
“Əməkdar müəllim” olmaq mənim üçün ən uca zirvədir”
Təbrikimizi ilk qəbul edən Nərimanov rayonu, M.Şəhriyar adına 193 №-li tam orta məktəbin direktoru Rahim Hüseynov oldu. Ölkə başçısı tərəfindən “Əməkdar müəllim” adına layiq görülən R.Hüseynov ailəsi ilə birgə mükafata layiq görülməsinin sevinclə qarşıladığını bildirib: “Əməkdar müəllim” olmaq mənim üçün ən uca zirvədir. Ölkə başçısı tərəfindən belə bir ada layiq görüldüyüm üçün qürur duyuram. 60-dan çox yaşım olmasına baxmayaraq, bundan sonra da ölkəmizdə təhsil sahəsində aparılan quruculuq işlərində öz köməkliyimi əsirgəməyəcək, biliklərimizi gənc kadrlarla bölüşməyi davam edəcəm. İndiyədək müəlim-şagird münasibətləri, dərs sistemi əvvəlki tələbələrə uyğun idisə, hazırda müasir tələbələrə cavab verən məktəb qurmalıyıq. İnanıram ki, biz gələcək yeni məktəbimizi uğurla quracağıq”.
“Müəllim peşəsini bütün vəzifələrdən üstün tuturam”
Atasının yolunu davam etdirdiyini deyən məktəbin direktoru söyləyib ki, uzun illər təhsil sahəsində çalışmasına baxmayaraq, müəllimlik peşəsindən heç vaxt yorulmadığını deyib: “Çalışdığım müddətdə istər Təhsil Nazirliyi, istərsə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında çalışsam da müəllimlik fəaliyyətimi davam etdirmişəm. Çünki mən müəllimlik peşəsini hər zaman üstün saymışam. Bu peşədən gözəl peşə yoxdur. Əgər qarşıma ən yüksək vəzifəli işlər arasında seçim qoyulsa belə mən yenə də müəllimlik peşəsini seçərəm” .
“Əsl müəllim ilk növbədə böyük dünya görüşünə malik olmalıdır”
R.Hüseynovun fikrincə, əsl müəllim ilk növbədə böyük dünya görüşünə malik olmalıdır: “Müəllimin auditoriyasında onlarla şagird olur. Onların hamısı tədris olunan fənn üzrə ixtisaslaşmaya bilər. Amma hər bir şagird vətəndaşdır. Müəllim tərbiyəedici olduğu üçün qarşısındakı uşaqlara nümunə olmalı, öz dediklərini onlara inadırmağı bacarmalıdır. Şagird müəlliminə inandığı zaman onun sözünü dinləyir, qəbul edir. Əgər şagird ona dərs deyən müəllimə maraq göstərmirsə, demək ki, hənin şəxs peşəsini yanlış seçib. Müəllim ilk cümləsindən şagirdləri özünə cəlb etməlidir. Şagirdləri aldatmaq qeyri-mümkündür. Əgər müəllim özü nümunəvi keyfiyyətlərə malik deyilsə, o zaman heç vaxt şagird onun sözünü dinləməyəcək”.
“Gənclərin müəllimlik peşəsinə marağı artıb”
Azərbaycanda təhsil sisteminə, xüsusilə də pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə göstərilən diqqət və qayğıdan söz açan məktəb direktoru qeyd edib ki, son 16 il müddətində ölkə məktəbi yenudən qurulub: “Çoxlusayda yeni məktəblər tikilib, yararsız təhsil ocaqları əsaslı, müasir tələbələrə uyğun şəkildə təmir edilib, yeni avadanlıqlarla təchiz edilib. Bütün bunlarla yanaşı, məktəblərdə kadrların yenilənməsinə ehtiyac var ki, hazırda da bu istiqamətdə mühüm addımlar atılır. Müəllimlərin əmək haqlarının artırılması istiqamətində görülən işlər nəticəsində bu peşəyə olan marağın adaha da artmasına səbəb olub. Əgər əvvəllər 10-15 gənc arasında bir nəfər bu peşəyə yiyələnmək istəyirdisə, hazırda əksəriyyət pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini bildirir. Bu, çox sevindirici haldır. Artıq 500 baldan yüksək bal toplayanlar arasında əksəriyyət məhz müəllimlik peşəsini seçir. Mən məktəb direktoru kimi deyə bilərəm ki, hazırda müəllim fəalyyəti ilə məşğul olan gənc kadrlardan çox razıyam. Gənc kadrlar məktəblərə yeni nəfəs gətirirlər. Lakin təəssüf ki, hazırda məktəblərdə kişi kadrların sayı çox azdır. Dövlət Proqramları çərçivəsində məktəblərə kişi müəllimlərin yönəldilməsi mümkündür. Məktəbdə kişi müəllimlərin olması çox lazımlı və vacibdir”,
“Ölkə başçısı tərəfindən ikinci dəfə təltif olunmuşam”
Pedaqoji fəalyyətinə görə “Tərəqqi”medalına layiq görülən 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova ölkə başçısı tərəfindən ilk təltifini 2013-cü ildə aldığını deyib: “Dövlət başçısı məni 2013-cü ildə “Əməkdar müəllim” adına, 2019-cu ilin oktyabrın 3-də isə “Tərəqqi” medalına layiq görüb. Aldığım təltiflərə görə Azərbaycan Prezidentinə təşəkkür edir, ölkəmizdə müəllimlərə verilən yüksək qiymətə görə minnətdarlığımı bildirirəm. Sevincimin həddi hüdudu yoxdur”.
“Azərbaycan təhsil sistemində böyük inkişaf özünü göstərir”
Prezident İlham Əliyev, Birinci-vitse prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə əvəzsiz diqqət göstərildiyini deyən məktəb direktoru bildirib ki, məhz bunun nəticəsində son illət Azərbaycan təhsil sistemində böyük inkişaf özünü göstərir.
S.Sadıqova təhsil sahəsindəki uğurları ailəsi, yaxınları, əzizlərinin dəstəyi sayəsində əldə etdiyini dilə gətirib: “Bu dəstəyə görə hər kəsə təşəkkür edir, təhsil işçisi kimi bundan sonrakı fəaliyyətimdə uşaqların vətəndaş, şəxsiyyət kimi yetişməsi üçün əlimdən gələni edəcəyimə söz verirəm. Gənclərimiz bizim gələcəyimizdir, biz onların təlim-tərbiyəsi, biliklərinin artırılması istiqamətində fəaliyyətimiz davam etdirməliyik”.
“Valideynlərimin peşəsini şərəflə davam edirməyə çalışaram”
Müəllim ailəsində dünyaya göz açan S.Sadıqova valideynlərinin peşəsini şərəflə davam etmək üçün bu fəaliyyəti seçdiyini söyləyib: “Müəllimlik peşəsinə sevgi mənə valideynlərimdən ötürülüb. Müəllim Vətənini sevən biri olmalıdır. Bununla yanaşı müəllim psixoloq, malik olduğu bilikləri şagirdlərinə həvəslə ötürən, tədris etdiyi fənnini sevdirən, qərəzsiz, sağlam şəxs olmalıdır”.
Məktəb direktoru peşə bayramını kollektivlə birgə qeyd etməyə üstünlük verdiyini dilə gətirib: “Ən yüksək adı daşıyan müəllimləri peşə bayramları münasibətilə ürəkdən təbrik edir, onlara məsuliyyətli peşələrində uğurlar arzu edirəm”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur. Azərbaycanda da 1993-cü il oktyabrın 5-dən etibarən hər il bu gün müəllimlərə həsr olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB