ADU-da Xocalı soyqırımının ildönümünə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Dillər Universitetndə (ADU) Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
Səməd Seyidov 26 fevral tarixinin Azərbaycan xalqının tarixində ən faciəli günlərdən biri olduğunu bildirdi. Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğunu deyən S. Seyidov soyqırım faktının bəşəriyyət tarixində ən faciəvi hadisə oduğunu qeyd etdi.
ADU-nun Tarix kafedrasının müəllimi Namiq Kərimov isə "Xocalı soyqırımını unutmaq olmaz" mövzusunda çıxış etdi. Tarixçi Xocalıda törədilən dəhşətlər barədə konfrans iştirakçılarına məlumat verdi. N. Kərimov Xocalı şəhərinin strateji bölgədə yerləşdiyini və Dağlıq Qarabağ bölgəsində yeganə olan hava limanına malik olduğunu bildirdi. Xocalı ərazisinin ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olduğunu deyən tarixçi aparılan araşdırmaların bunu bir daha sübuta yetirdiyini dilə gətirdi. O, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olduğunu, soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakininin qətlə yetirildiyini, 7 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini diqqətə çatdırdı.
N. Kərimov sözlərinə onu da əlavə etdi ki, 1275 Xocalı sakini əsir, 150 nəfəri isə itkin düşdü.
Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov "Xocalı soyqırımını dünya gənclərinə tanıtdırmalıyıq" mövzusundan bəhs etdi.
Sonda ADU-nun rektoru S. Seyidov Xocalı faciəsinin dünya gənclərinə çatdırılmasında vacib addımlar atılmağının zərurliyini qeyd etdi.
Onu da qeyd edək ki, Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı digər bir tədbir ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) İngilis dilinin tarixi və leksikası kafedrasının müəllimi Gülşən Məhərrəmovanın təşkilatçılığı və 304-cü qrup tələbələrinin iştirakı ilə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB