ADU-nun prorektoru Təhsil Nazirliyinin yüksək mükafatına layiq görülüb - TƏDBİR

ADU-nun prorektoru Təhsil Nazirliyinin yüksək mükafatına layiq görülüb - TƏDBİR
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusovun 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, təhsil nazirinin müavini İradə Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zaman və digər ictimai-siyasi xadimlər iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan təhsil nazirinin müavini İradə Hüseynova alimin Azərbaycan təhsilindəki xidmətlərindən və yüksək fəaliyyətindən danışıb. Çıxışının davamında o, nazir Misir Mərdanovun təbriklərini yubilyara çatdırıb. Daha sonra İ.Hüseynova D.Yunusova Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" diplomunu və döş nişanını, həmçinin müəllifi olduğu "Qafqaz ensiklopediyası" kitabını yubilyara təqdim edib.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı son dövrlər ADU-da cəmiyyətin ehtiyacı olan tədbirlərin keçirildiyini, professor Dünyamin Yunusovun 60 illik yubileyinin də bu qəbildən olduğunu söyləyib. O, professor D.Yunusovun yubileyinin təntənəli şəkildə keçirilməsini yubilyarın özünə, xalqına, tələbələrinə verdiyi hesabat, eləcə də tədbirdə iştirak edən gənclər üçün örnək olduğunu bildirib. D.Yunusovun tələbəsi olduğunu deyən millət vəkili müəlliminin yubileyində iştirak etməkdən qürur duyduğunu söyləyib. Daha sonra o, YAP Nəsimi rayon təşkilatının təbrikini diqqətə çatdırıb.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov isə çıxışında D.Yunusovun 60 yaşının tamam olmasına baxmayaraq onu zahirən gənc, müasir, enerjili insan kimi tanıdığını vurğulayıb: "D.Yunusovun universitetə elmi işlər üzrə prorektor təyin olunduqdan sonra burada elmi sahədə irəliləyişlər başlayıb. D.Yunusovun sayəsində universitetdə nüfuzlu elmi konfranslar təşkil olunub, müxtəlif elmi disertasiyalar müdafiə olunub. Bilik, bacarıq, Azərbaycan dəyərləri bu insanda vəhdət şəklində birləşib. Gərək insanın elmi yüksək səviyyədə olsun ki, elmi inkişaf etdirə bilsin. Bundan əlavə, gərək insan nümunəvi olsun ki, kimsə də ondan nümunə götürə bilsin. Dünyamin müəllim belə insanlardandır. Mən fəxr edirəm ki, yubilyarla uzun müddət çiyin-çiyinə işləyirəm".

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov ADU-nun uğurlarında Dünyamin Yunusovun böyük əməyi olduğunu qeyd edib. A.Zamanov yubilyarı "Həm elmin, həm də insanlığın professoru" adlandırıb.

ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyeva Dünyamin Yunusovun ömür yolundan və pedaqoji fəaliyyətindən bəhs edib. O, yubilyarın dilçilik sahəsində yazdığı əsərlərdən də danışıb.

Sonra yubilyarın ünvanına Azərbaycandan, eləcə də dünyanın bir çox ölkəsindən ünvanlanan təbrik məktubları oxunub. Tədbirin davamında çıxış edənlər yubilyara öz səmimi və xoş təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıblar.

Tədbir bədii hissə - konsert proqramı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə