Səhiyyə Nazirliyində praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesindən keçmiş 161 mütəxəssisin ilk sertifikatlarının təqdimetmə mərasimi təşkil olunub.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, mərasimi giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev öncə bütün həkimləri bu məsuliyyətli və eyni zamanda şərəfli bir işin öhdəsindən uğurla gəldiklərinə görə təbrik edib. "Ölkə başçısının qərarından irəli gələn sertifikasiya prosesinə başlanma çətin və məsuliyyətli proses olsa da, bu prosesin şəffaflığı heç kimdə şübhə doğurmur. İmtahanların şəffaf keçirilməsi üçün əlimizdən gələni əsirgəmədik və həkimlər də şükürlər olsun ki, bu etimadı doğruldurlar", - deyə O. Şirəliyev bildirib.
Nazir bu prosesin gələcəkdə də uğurla həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib və nəzərə çatdırıb ki, bu işin ən sevindirici tərəfi odur ki, əhali həkim savadsızlığının qurbanı olmayacaq. Nöqsanların aradan qaldırılması məqsədi ilə ölkə başçısının korrupsiyaya qarşı mübarizəyə dair tapşırıqlarını tədbir iştirakçılarına bir daha xatırladan O. Şirəliyev, bütün bunların aradan qaldırılması naminə hazırda görülən və gələcəkdə görüləcək işlərə dair də qısaca məlumat verib.
Çıxışının sonunda nazir bir daha sertifikatları alan həkimləri təbrik etdi, onların üzərinə bundan sonra daha da böyük məsuliyyət düşdüyünü, və işlərinə bundan sonra da tam məsuliyyət ilə yanaşmağı tövsiyə edib.
Sonda simvolik olaraq ən yüksək bal (100%) toplamış həkim-mütəxəssisə ilk sertifikat şəxsən Oqtay Şirəliyev tərəfindən təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə