Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Azərbaycanda da bu prinsip əsas götürülərək, 2016-cı ildən başlayaraq ölkəmizdə dövlət ümumitəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Elə həmin il Nazirlər Kabinetinin qərarı ilə 5 yaşlıların 55 faizi məktəbəhazırlıq qruplarına cəlb edilib. Bu il isə 120 minə yaxın beş yaşlının hazırlıq qruplarına cəlb olunacağı gözlənilir. Belə ki 2019-2020-ci tədris ilində 2014-cü il təvəllüdlü uşaqlar məktəbəhazırlıq qruplarına gedəcəklər.
Bəs görəsən məktəbə hazırlıq kursu istədiyimiz nəticəni verirmi?
Təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbə hazırlıq qruplarının nəticələrini təhlil edəndə görürük ki, bu pilləni bitirənlər arasında məktəbə hazırlıqlı gələnlərin sayı ildən-ilə artır: “Orta məktəblərdə həyata keçirilən məktəbə hazırlıq qruplarında apardığımız araşdırmalar göstərdi ki, uşağın məktəbə hazırlanması özündə iki vəzifəni birləşdirir: uşağın hərtərəfli (fiziki, əqli, mənəvi, estetik) inkişafına hazırlıq və məktəbdə öyrənəcəyi fənlərin mənimsənilməsinə xüsusi hazırlıq.
Təcrübə göstərir ki, I sinifdə uşaqların böyük bir qisminin müvəffəqiyyətlə təhsil ala bilməməsi, sonrakı siniflərdə geridə qalmaları onların məktəbəqədər dövrü baxımsız keçirmələri, təlimə hazırlıq üzrə ilkin vərdişlərə yiyələnmələri ilə bağlıdır. Vacib bir məqamı qeyd edim ki, 5 il bundan əvvəl 170.000-dən artıq beşyaşlının yalnız 15-16 faizi uşaq bağçalarına çəlb edilib. Amma 2016-cı ildən etibarən Təhsil Nazirliyinin gördüyü məqsədyönlü iş sayəsində bu rəqəmdə ciddi şəkildə artım müşahidə olunur. Əvvəlki illərdə beşyaşlıların ən yaxşı halda 84-85 faizi içtimai tərbiyə müəssisələrindən kənarda qalırdısa, indi bu rəqəm müsbətə doğru 180 dərəcə dəyişib. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır”.
Hazırlıq qruplarının müsbət tərəfləri
Təhsil eksperti Almaz Həsrət bildirib ki, sözügedən qrupların yaradılmasında məqsəd uşaqların məktəbə uyğunlaşmasında problemlərin aradan qaldırılmasıdır: “Hər bir övlad valideyn üçün əzizdir. Valideynlərin əksəriyyəti övladlarını bağçaya getməyə qoymadıqları, ev şəraitində, dayə və nənə-baba himayəsində saxladıqları üçün belə uşaqların məktəbdə kollektivə uyğunlaşmasında müəyyən problemlərə səbəb olur. Bağça mühitində olmayan uşaqlarda bu problemlər daha çox özünü biruzə verir. Belə uşaqlar çox zaman valideyndən ayrıla bilmədiyi üçün məktəbdə daha çox ağlayır və sıxıntılar yaşayır. Məhz belə uşaqlarım məktəbə uyğunlaşması üçün belə bir təlimat verildi ki, ölkədə məktəbə hazırlıq qrupları yaradılsın və həmin uşaqlar şagird adını almamışdan öncə məktəb mühitinə öyrənsinlər”.
Ekspert söyləyib ki, məktəbə hazırlıq qruplarının müsbət tərəfləri uşaqların məktəbə tam hazırlıq vəziyyətə gətirilməsi, kollektiv mühitdə davranışa, ünsiyyətə malik olmasıdır: “Belə ki, həm bağça təhsili görən, həm də evdə dayə, nənə-baba və ya valideyn himayəsində olan uşaqlar məktəbəqədər hazırlıq qruplarına cəlb olunduqda bu, onların həm təhsilinə, həm məktəbdə davranışına, həm də ünsiyyətin formalaşmasına gətirib çıxarır”.
Qəbul prosesi necə aparılır?
Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb: "Məktəbəhazırlıq qruplarına qəbul 4-cü tədris ilidir ki, elektron sistem vasitəsilə həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir. 2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 261 məktəb üzrə 839 qrupa 23 130 uşaq, 2017-2018-ci dərs ilində 263 məktəb üzrə 868 qrupa 24 209 uşaq, 2018-2019-cu dərs ilində isə 264 məktəbdə 917 qrup üzrə 23 799 uşaq cəlb edilib. 2019-2020-ci tədris ilində Bakıdakı 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu ilk dəfə olaraq bütün ölkə üzrə Məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılır".
Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib: "Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması əsasən, bu sahədə davamlı iş təcrübəsi olan, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur".
B. Məmmədov söyləyib ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir: "Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. (I yarımil: 1 oktyabr-26 yanvar; II yarımil: 1 fevral-31 may)
2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə (mektebeqebul.edu.az) 20 000-dən artıq ərizənin onlayn qeydiyyatı (04.09.2019-cu il tarixinə olan məlumata əsasən) aparılıb. Bu isə deməyə əsas verir ki, ümumilikdə qeydiyyat prosesi uğurla davam etməkdədir".
Alternativ Qeydiyyat mərkəzləri yaradılıb
Hədəfə çatmaq üçün atılan addımlardan biri onlayn qeydiyyatının aparılmasıdır ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi də elektronlaşdırılıb. Artıq 4 ildir ki, elektron sistem vasitəsilə həyata keçirilən proses nəticədə ölkə vətəndaşları olduğu yerdən məktəbi, hətta müəllim seçməklə seçimini təsdiqləyir və heç kimlə görüşmədən, heç yerə getmədən övladını məktəbəhazırlıq qrupuna yerləşdirir.
Valideynlər və ya qanuni nümayəndələrə onlayn və ya məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat mərkəzləri yaradılıb.Təkcə Bakı şəhərində 50-dən artıq belə mərkəz yaradılıb. Regionlarda, hətta kəndlərdə belə Alternativ Qeydiyyat mərkəzləri valideynlərə kömək etmək üçün hazırdır. Həmin mərkəzlər Təhsil Nazirliyi tərəfindən sürətli internetlə tam təmin olunub. Sistem elə qurulub ki, uşağı mütləq valideyn və ya qanuni nümayəndə qeydiyyatdan keçirməlidir.
Qeydiyyatdan sonrakı proses
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı ölkə vətəndaşları üçün valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti tələb edilir.
Azərbaycan vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər ölkəmizdə 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi ilə məktəblərə yaxınlaşmalıdır. Xarici ölkə vətəndaşlarından isə məktəblərdə valideynin xarici pasportu, Azərbaycan ərazisində müvəqqəti və ya varsa, daimi yaşamaq üçün verilən icazə vəsiqəsi, uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti tələb ediləcək. Nəhayət, digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədini də təqdim etməlidirlər. Məktəbə şəxsiyyəti təsdiq edən sadalanan sənədlərlə yanaşı, uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”si təqdim olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB