Polşa səfiri ADU-nun tələbələri ilə görüşdü

Polşa səfiri ADU-nun tələbələri ilə görüşdü

Fevralın 19-da Azərbaycan Dillər Universitetinın (ADU) İnformasiya Resurs Kompleksində (İRK) "Mədəniyyətlərarası dialoq" proqramı çərçivəsində Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labendanın tələbələrlə görüşü keçirilib.

SİA-nın xəbərinə görə, gorüşdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova qonağı və tədbir iştirakçılarını salamladı. Tədbirdə çıxış edən İnformasiya Resurs Kompleksinin Folklor mərkəzinin direktoru Rəna Salehova qonaqlara Polşanın milli paltarlarını və musiqisini əks etdirən slayd nümayiş etdirdi.

Səfir M. Labenda öz ölkəsi haqda təqdimatla çıxış edərək Polşanın tarixi,coğrafi mövqeyi, mədəniyyəti,incəsənəti, ədəbiyyatı, dövlətçilik tarixi, təhsil sistemi haqqında tədbir iştirakçılarına məlumat verdi. Polşa haqqında məlumat verən səfir Polşanın 2004-cü ildən Avropa Birliyinə üzv olduğunu qeyd etdi.

Təhsil sistemindən bəhs edən səfir M. Labenda Polşada Azərbaycanlı tələbələrin də təhsil aldığını vurğuladı.

Qeyd edək ki, bu görüş 2011-ci ildə "Mədəniyyətlərarası dialoq" proqramı çərçivəsində ilk görüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə