Qəbul imtahanında tətbiq edilən yeni mexanizmin ilkin NƏTİCƏLƏRİ ARAŞDIRMA
Hamıya məlumdur ki, bu ildən etibarən ali məktəblərə qəbul qaydaları yeni model əsasında həyata keçirildi. Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatının avqustun 27-də başa çatacağını nəzərə aldıqda, artıq bir çox abituriyentlər seçdikləri ixtisas üzrə qeydiyyatdan da keçiblər. Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanan son məlumata görə, ilk mərhələdə ali təhsil müəssisələrinə qəbul olunanların 89%-i (o cümlədən dövlət sifarişi əsasında qəbul olunanların 97%-i) qeydiyyatdan keçiblər. Boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı isə sentyabrın 2-də bitəcək.
2019-cu ildən qəbul imtahanlarında tətbiqinə başlanan yeni mexanizmin fərqli tərəfləri
Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə neçə ildir ki, açıq testlər də verilir: “7 ildir ki, qəbul imtahanlarında müəyyən fənlər üzrə açıq tipli test tapşırığı təqdim olunur. Qapalı test tapşırığı o test tapşırığıdır ki, imtahan iştirakçılarına sualın cavabı variantlarla təqdim olunur və o doğru bildiyi cavabı seçir. Açıq test tapşırığında isə iştirakçı cavabı özü yazır. Bunun kifayət qədər müsbət tərəfi var. Nəzərə alaq ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, yəni müəyyən qədər bəxt də rol oynayır.
Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır. Açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır. Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablamayacaq. Bu il, 2019-cu ildə keçirilən buraxılış və qəbul imtahanlarında istifadə olunan test tapşırıqları məzmun baxımından ciddi şəkildə fərqlənməsə də, forma və üslüb baxımından yeni oldu ki, bu da maksimum bal toplayan abituriyentin olmaması ilə nəticələndi”.
2019-cu ildə ali məktəblərə qəbul Planı
Ekspert qeyd edib ki, 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul planı 2018-ci illə müqayisədə daha çox idi: “Ümumilikdə 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişli üzrə isə plan yerlərinin sayı kəskin artırılıb. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir. 2019-cu ildə keçirilən imtahanların nəticələrini təhlil edərkən məlum oldu ki, bu il tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 %, 20 ali təhsil müəssisəsində 90%-dən, 9 ali təhsil müəssisəsində 80%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70%-dən çox dolub”.
Universitetlərin Plan Yerləri
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindəki növbəti tədris ili üçün nəzərdə tutulan plan yerlərinin sayı aşağıdakı kimidir:
Bakı Dövlət Universiteti – 6320
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 3060
Azərbaycan Texniki Universiteti - 2070
Azərbaycan Dövlət Pedaqoji Universiteti - 335
Azərbaycan İqtisad Universiteti - 3728
Azərbaycan Dillər Universiteti - 1605
Bakı Slavyan Universiteti - 1230
Azərbaycan Memarlıq və İnşaat Universiteti - 1575
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - 625
Gəncə Dövlət Universiteti - 1700
Sumqayıt Dövlət Universiteti – 1850
Ali məktəblərdə Azərbaycan bölməsi ilə bağlı vəziyyət
Təhsil üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, ötən illə müqayisədə bu il tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə Azərbaycan bölməsi üzrə 719 plan yeri artırılıb, rus bölməsi üzrə isə 338 yer azaldılıb: “Ötən il tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə qəbul üzrə 11.981 plan yeri ayrılıb. Bu yerlərdən 9184 yer Azərbaycan, 2797 yer isə rus bölməsinə aid idi. Bu il isə ümumi 12362 plan yeri ayrılıb ki, bunlardan da 9903 yer Azərbaycan, 2459 yer isə rus bölməsinə aiddir”.
Təhsil haqqlarında vəziyyət?
Tələbələrin hər zaman üstünlük verdiyi ixtisasların müxtəlif universitetlərdəki təhsil haqları isə belədir:
Bakı Dövlət Universiteti:
- hüquqşunaslıq ixtisası - 4500 manat;
- beynəlxalq münasibətlər ixtisası - 2900 manat;
- iqtisadiyyat, menecment, davamlı inkişafın idarə edilməsi - 2500 manat;
- dövlət və ictimai münasibətlər ixtisası - 2800 manat.
Bakı Ali Neft Məktəbi:
- informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi - 4500 manat
Azərbaycan Turizm və Menecment Universiteti:
- turizm və hotelçilik ixtisası - 3000 manat;
- tərcümə ixtisası - 2600 manat;
- maliyyə, biznesin idarə edilməsi ixtisası - 2400 manat.
Bakı Mühəndislik Universiteti:
- maliyyə, mühasibat uçotu və audit ixtisasları - 2900 manat;
- iqtisadiyyat, biznesin idarə edilməsi ixtisasları - 2800 manat;
- memarlıq ixtisası - 2700 manat.
Xəzər Universiteti:
- kompüter elmləri, kompüter mühəndisliyi, mühasibat uçotu və audit, maliyyə, turizm və hotelçilik ixtisasları 5000 manat;
- mühəndislik, regionşünaslıq, beynəlxalq münasibətlər, biznesin idarə edilməsi ixtisasları - 4500 manat;
- pedaqoji, tərcümə, dizayn ixtisasları - 4000 manat.
Azərbaycan Universiteti:
- tərcümə ixtisası - 3000 manat;
- filologiya, tarix, sosial iş, regionşünaslıq, turizm və hotelçilik, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, menecment, marketinq, biznesin idarə edilməsi, kompüter mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, eləcə də kommersiya ixtisasları - 2000-2500 manat.
Qeyd edək ki, DİM 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini avqustun 20-də açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB