Ağcabədidə şagird və müəllimlər üçün ingilis dili üzrə təlimlər keçirilib

Ağcabədidə şagird və müəllimlər üçün ingilis dili üzrə təlimlər keçirilib
Fevralın 15-16-da Ağcabədidəki 8 nömrəli məktəbdə şagird və müəllimlər üçün ingilis dili üzrə təlimlər keçirilib. SİA-nın xəbərinə görə, rayonun müxtəlif təhsil müəssisələrindən olan 25 müəllim və 27 şagird üçün ingilis dili üzrə təlimlər "British Council" beynəlxalq təşkilatı Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub.

Təlimlərin açılışına həsr olunmuş tədbirdə "British Council" təşkilatının nümayəndələri, Ağcabədi rayon Təhsil Şöbəsinin rəhbərliyi, 8 nömrəli məktəbin direktoru və digər təhsil işçiləri iştirak ediblər. Təlimin məqsədi müəllim və şagirdlərə "British Council" təşkilatının ingilis dilinin təlimi və tədrisi üzrə www.teachingenglish.org.uk, www.learnenglish.org.uk internet səhifələrindən istifadə bacarıqlarının aşılanması və bunun nümunələr tətbiq etməklə öyrədilməsindən ibarət olub.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən göndərilmiş ingilis dilində oxu kitabları təlimlər zamanı müəllimlərə təqdim edilib. Müəllimlər əldə etdikləri təlim materiallarından istifadə edərək, bu vəsaitdən və müvafiq internet resurslarından digər müəllimlərin də bəhrələnməsinə yardımçı olacaqlar. Daha sonra müəllimlər interaktiv dərs nümunələri hazırlayacaqlar. Təqdim edilmiş sorğu vərəqlərinin nəticələrinə əsasən iştirakçılar tərəfindən təlim yüksək qiymətləndirilib və belə təlimlərin mütəmadi olaraq keçirilməsi arzu edilib.

Sonda təlimlərdə iştirak etmiş müəllim və şagirdlərə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə