Bu il hemofiliyalı xəstələrin Dövlət reyestri yaradılacaq

Bu il hemofiliyalı xəstələrin Dövlət reyestri yaradılacaq
"Səhiyyə Nazirliyi "2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı"nın həyata keçirilməsi barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən Dövlət Proqramının icrasının təmin edilməsi, eləcə də hemofiliya xəstəliyindən əziyyət çəkən xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyətinin və səmərəsinin artırılması məqsədilə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə təsdiq edilən Tədbirlər Planında bir sıra məsələlər göstərilib. Onlardan ən vacibi isə "Faktor konsentratları" dərman preparatları ilə təminat və Hemofiliyalı xəstələrin registrinin yaradılmasıdır". Bu barədə SİA-ya açıqlamasında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova məlumat verib. O bildirib ki, reyestr hemofiliya və qanaxma ilə müşayət olunan digər irsi xəstəliklərdən əziyyət çəkən xəstələr haqqında məlumat bazasıdır. Onun sözlərinə görə, reyestrdə xəstənin yaşı, cinsi, qanaxma ilə müşayiət olunan xəstəliyin növü, ağırlıq dərəcəsi, aldığı müalicə və inhibitor, oynaq xəstəlikləri, qaraciyər xəstəlikləri və s. ağırlaşmalar haqqında məlumatlar yerləşir. Bu məlumatların kompüter məlumat bazasında yerləşdirildiyini deyən G.Hüseynova qeyd edib ki, ümumdövlət reyestr bu məlumatları ölkənin bütün bölgələrindən toplayaraq vahid sənəd şəklində formalaşdırır və bu da öz növbəsində xəstələrin adlarının təkrarlanmasının qarşısını alır.

Assosiasiyanın prezidenti vurğulayıb ki, ümumdövlət reyestr hemofiliya xəstələrə bir çox mənfəətlər verir. Bu cür reyestrin yaradılmasının məqsədi-xəstələrin cəmiyyətdəki tələbatlarını öyrənməklə, tibbi xidmət sisteminin çatışmamazlıqlarını müəyyən etməklə, həmçinin hemofiliya təşkilatını və həkimləri hemofiliya xəstələrinin maraqlarını hökumət qarşısında təmsil etmək hüququnu verməklə insanlara bu xəstəliyin yayılmasını dərk etməyə köməklik göstərməkdir. Onun fikrincə, mərkəzləşdirilmiş reyestrdən alınan məlumatlar tələb olunan maddi vəsaitlərin təyin edilməsi və uğurlu nəticələrə nail olmaq üçün ən yüksək prioritetlərin seçim işində qiymətsizdir.

"Reyestr büdcənin qorunması və dəstəyi üçün vacib məlumatları daşıyır. Ümumdövlət reyestrin obyektiv məlumatları müalicə preparatlarının alınması üçün tender müraciətlərində istifadə oluna bilər. Reyestr alınması tələb olunan müalicə preparatlarının sayını təyin etməyə köməklik edir, dövlət müəssisələri tərəfindən alınmış müalicə preparatlarının paylaşdırılmasının planlanmasında, eləcə də, ümumilikdə, tender prosesinin auditi kimi istifadə oluna bilər. Bundan əlavə, o, qan laxtalanması faktorlarının konsentratlarının paylaşdırılması və istifadəsinə nəzarəti və təşkilinin həyata keçirilməsi üçün effektiv alətdir. Reyestr həmçinin preparat daxil edilmiş hər bir xəstənin diaqnozunun düzgün təyin edilməsinə zəmanət verir. Bu üsul faktorların tətbiqinin effektivliyini qiymətləndirməyə, konsentratların həddən artıq istifadə hallarını müəyyən etməyə və qiymətləndirməyə şərait yaradır. Bu sistem konsentrat faktorlarının paylaşdırılmasını yerinə yetirən şəxslərin məsuliyyətini artırır. Faktorlar daxil edilən şəxslərin tanınması və onların harada olması haqqında məlumatlar paylaşdırılma sisteminin effektivliyini artırır, insanların xilası üçün lazım olan məhdud vəsaitlərin daha effektiv istifadə etməyə imkan verir. Əgər, təhlükəsizlik və keyfiyyət ilə bağlı problemləri olan hər hansı bir preparat müəyyən edilərsə və geri çağırılarsa, onlardan istifadə edən xəstələri izləməyə və xəbərdar etmək üçün reyestrdəki məlumatlardan istifadə etmək olar. Ümumdövlət reyestri hemofiliya xəstələrinin müəyyən edilməsi və diaqnostikasına nəzarət etməyə, həmçinin onların səhhətinin vəziyyətini qiymətləndirməyə imkan verir. Ümumdövlət reyestrinin mövcud olması ölkəmizdə hemofiliya xəstələrinin sayı haqqında fundamental suallara cavab verməyə imkan verir və bu məlumatlar hemofiliya xəstələrinin həyatlarının yaxşılaşdırması üçün qiymətsizdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə