Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan atletika yarışının açılış mərasimi keçirilib - TƏDBİR

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan atletika yarışının açılış mərasimi keçirilib - TƏDBİR
Bu gün Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan atletika yarışının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu günlərdə ölkənin hər bir yerində Mübariz İbrahimovun ad gününə həsr olunan müxtəlif tədbirlər keçirilir. Onun sözlərinə görə, Mübarizin qəhrəmanlığı Azərbaycan xalqının vətənpərvərlik ruhunu bir az da dirçəltdi: "Mübariz 23 yaşında öz sözünü dedi və yağı düşmənin canını alaraq şəhidlik zirvəsinə yüksəldi. Bu qəhrəmanlığa dostlarımız baxıb sevinəcək, düşmənlərimiz isə bədbinləşəcək. Çünki Azərbaycanın Mübariz kimi minlərlə oğlu var. Mübariz sübut etdi ki, Azərbaycan xalqı öz torpağını azad etmək iqtidarındadır. Onun adı hər zaman xalqın yaddaşında qalacaq".

Misir Mərdanovun sözlərinə görə, Mübariz və Azərbaycanın yüzlərlə şəhidləri dəfələrlə sübut ediblər ki, ölkədə vətənpərvərlik ruhunda böyüyən çoxsaylı gənclər var. O vurğulayıb ki. biz onlarla rahatlaşmamalı, işimizi daha mükəmməl tutmağa çalışmalıyıq: "Bizim dərsliyimizdə, kitabımızda vətənpərvərlik, vətənə torpağa münasibət ön plana çəkilməlidir. Çünki vətənimiz, millətimizin gələcəyi bu gənclərlə bağlıdır".

Tədbirin davamında çıxış edən Milli Olimpia Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə vurğulayıb ki, bu tədbirlər davamlı olmalıdır. Azərbaycan xalqının mübariz xalq olduğunu deyən Ç.Hüseynzadə qeyd edib ki, Milli Qəhrəman hər kəs vətənini Mübariz İbrahimov kimi qorumalıdır.

Daxili Qoşunların qərərgah rəisi Şirin Xəlilov bildirib ki, Azərbaycan hər zaman oöz vətənpərvər qeyrətli oğulları ilə fəxr edir. Azərbaycanın uzun müddət atəşgəs rejimində olmasına baxmayaraq hələ də müharibə şəraitində yaşadığını deyən Ş.Xəlilov vurğulayıb ki, gənclər bunu untumamalı və hər zaman vətənin müdafiəsində durmağa hazır olmalıdırlar.

Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ölkədə oğlunun şərəfinə müxtəlif tədbirlərin təşkil olunduğunu bildirib. O, bunun üçün hər kəsə öz təşəkkürlərini bildirib. Açılış mərasimi bədii proqramla davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə