Misir Mərdanov almaniyalı alimlərlə görüşüb

Misir Mərdanov almaniyalı alimlərlə görüşüb

Fevralın 9-da təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya üzrə meneceri Herbert Strobel, layihə üzrə məsləhətçi Rudiger Heininq və layihə üzrə köməkçi Marian Strobellə görüşüb.

SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. Bu işin hazırda da davam etdirildiyini nəzərə çatdıran Misir Mərdanov "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"ni yüksək dəyərləndirərək, bununla bağlı Təhsil Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin uğurla yekunlaşdığını qonaqların diqqətinə çatdıran təhsil naziri yeni layihənin ölkəmizdə kənd təsərrüfatı sahəsində kadr hazırlığı işinin təkmilləşdirilməsinə layiqli töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə layihənin başlanması məqsədilə müqavilə şərtlərinin müəyyənləşdirilməsi, cari ilin iyulunadək müqavilənin bağlanılmasının nəzərdə tutulduğu və bununla bağlı müvafiq qurumlarla birgə iş aparılması barədə fikirlər səsləndirilib.

Təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün təşəkkür edən "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya üzrə meneceri Herbert Strobel öncə ötən gün keçirilmiş "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin yekun konfransını yüksək dəyərləndirib.

"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi" layihə üzrə məsul qurumlarla birgə görüləcək işlərdən danışan qonaq bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sənədin hazırlanması, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas tədbirlərdəndir.

Herbert Strobel Gəncə şəhərində bununla bağlı müvafiq treninqlərin keçirildiyini nəzərə çatdırıb. Daha sonra qeyd edilib ki, 4 alt komponentdən ibarət olan "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi" üzrə müqavilə sənədinin ilkin olaraq martın 15-dək hazırlanması nəzərdə tutulur.

Görüşdə peşə təhsilinin vəziyyəti ilə yaxından tanışlıq məqsədilə Almaniyaya təlim səfərlərinin təşkili və layihənin uğurlu həyata keçirilməsi üçün bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə