Nazir peşə təhsilindəki problemləri açıqladı

Nazir peşə təhsilindəki problemləri açıqladı
"Bu gün peşə təhsilində bir çox problemlər var. Buraya maddi texniki bazanın zəifliyi, müasir avadanlıqların olmaması, Azərbaycan qanunvericiliyində hələlik müvafiq dəyişiklərin aparılmaması və digər məsələlər daxildir". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, uşaqların peşə təhsilinə maraq göstərməməsinin də çoxlu səbəbləri var. Nazirin sözlərinə görə, uzun müddətdir ki, bu sahədə ciddi iş aparılmır, 108 məktəbin 55-də məcburi köçkünlər məskunlaşıb, avadanlıqlar köhnədir, təhsilin səviyyəsi o qədər yüksək deyil, peşə öyrədənin özü o qədər də yaxşı bilmir, proqramlar yeni deyil və başqa səbəblər: "Ümumiyyətlə, cəmiyyətdə bu sahəyə diqqət uzun illər olmayıb. 10 min məzunun 4 minə yaxını müvafiq işlə təmin olunub. Ali məktəblərin işlə təmin olunmasından çox peşə təhsilini bitirən gənclər işlə təmin olunur. Ancaq bu da hələ kifayət qədər deyil".

M.Mərdanov vurğulayıb ki, peşə məktəblərinin yerli icra hakimiyyəti orqanlarından o qədər də asılılığı yoxdur: "Çünki peşə məktəbləri mərkəzi icra hakimiyyəti orqanı olan Təhsil Nazirliyi tərəfindən maliyyələşir. İdarəetmə də birbaşa bizim funksiyalarımıza daxildir. Ona görə də peşə təhsili müəssisələrinin yerli icra hakimiyyəti orqanlarından o qədər ciddi asılacağı yoxdur. Bu gün bəzi məktəblərin əraziləri zəbt olunub və bununla bağlı müvafiq dövlət qurumlarına müraciət olunub. Arzu edərdim ki, gələcəkdə hazırlanacaq peşə təhsili barədə qanunda bütün deyilən məsələlər öz əksini tapsın".

Bütün xəbərlər Facebook səhifəmizdə