TQDK sədri struktur bölmələrin rəhbərlərinə ciddi tapşırıqlar verib

TQDK sədri struktur bölmələrin rəhbərlərinə ciddi tapşırıqlar verib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) bütün struktur bölmələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadənin sədrliyi ilə keçirilən iclasda son illər ölkədə korrupsiyaya qarşı genişmiqyaslı işlərin həyata keçirildiyi, bu sahədə mütərəqqi qanunvericilik aktlarının qəbul olunduğu qeyd edilib. İclasda əhaliyə xidmət göstərən bölmələrə vəzifədən sui-istifadə və korrupsiya hallarına şərait yarada biləcək halların baş verməməsi, bu məqsədlə qabaqlayıcı tədbirlərin görülməsi üçün əlavə tədbirlərin aparılması və nizam-intizamın daha da möhkəmləndirilməsi barədə ciddi tapşırıqlar verilib.

Bununla yanaşı, iclasda ərizə və şikayətlərlə əlaqədar səmərəli araşdırmaların aparılması, operativ tədbirlərin görülməsi, komissiyanın internet saytından, digər elektron xidmətlərindən maksimum effektiv istifadə edilməsi, qəbul kampaniyası ilə bağlı əhalinin dolğun məlumatlandırılması istiqamətində konkret tədbirlər müəyyən olunub. İclasda həmçinin TQDK ilə müqavilə əsasında əməkdaşlığa cəlb olunan nəzarətçilərin, imtahan rəhbərlərinin və ekspert müəllimlərin fəaliyyəti barədə geniş müzakirələr aparılıb. Onlarla nəzərdə tutulan seminarların, keçirilən treninqlərin daha ciddi şəkildə aparılması, bu sahədə olan problemlərə, əhali tərəfindən edilən şikayət və narazılıqlara olduqca həssas yanaşılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclası keçirilib. İclasda əhalinin narazılığına səbəb olan korrupsiya halları vurğulanıb, mövcud problemlərin araşdırılması və qısa müddətdə aradan qaldırılması barədə tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə