TEMPUS layihəsi çərçivəsində ilk təlimlərə start verilib

Azərbaycan Dillər Universitetində TEMPUS layihəsi çərçivəsində ilk təlimlərə start verilib.

ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 1-dən 5-dək davam edəcək tərcüməçilik və dil müəllimlərinin iştirak etdiyi təlimlərdə Azərbaycan Dillər Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, eləcə də Bakı Pedaqoji Kadrların İxtisasartırması və Yenidən hazırlanması İnstitutunun 111 müəllimi iştirak edir. Təlimlər ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, ADU-nun Təhsildə innovasiyalar və Əlavə təhsil kafedrasının baş müəllimi Vəfa Yunusova, Fransız dilinin tərcüməsi kafedrasının baş müəllimi Xədicə Əyyubova, Alman dilinin tərcüməsi kafedrasının baş müəllimi Lətifə Qurbanova, İngilis dilinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllimi, filologiya elmləri namizədi Könül Hüseynova, həmin kafedranın baş müəllimi Təranə Məmmədova, İtalyan dili kafedrasının müəllimi Aydan Sadıqova, İspan dili kafedrasının müəllimi Gülsüm Əliyeva, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya elmləri namizədi Ceyran Quliyeva və Lənkəran Dövlət Universitetinin müəllimi Rəfael Heydərov tərəfindən aparılır.

Təlimlərdə dil qrupları üzrə praktiki işlər də həyata keçirilir. Sonda 5 günlük təlimin sorğu əsasında qiymətləndirlməsi aparılacaq. Xatırladaq ki, ADU-nun "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" adlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlmişdir. Sözügedən layihənin seçilməsi Azərbaycan təhsil sisteminin böyük nailiyyəti kimi qeyd olunmalıdır. Bu, Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyası olacaqdır.

Layihənin məqsədi Boloniya prosesinin tələblərini nəzərə almaqla Azərbaycanda tərcümənin tədrisində islahatlar aparmaq, tədris planlarını, tədris və təlim prosesini daha da təkmilləşdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə