Misir Mərdanov: "Ali təhsil müəssisələrində vahid geyim formasının tətbiqi hələ tezdir"- AÇIQLAMA

Misir Mərdanov: "Ali təhsil müəssisələrində vahid geyim formasının tətbiqi hələ tezdir"- AÇIQLAMA
"Ali təhsil müəssisələrində vahid geyim formasının tətbiqinə hələ ki tələsmirik, hazırda əsas işimiz orta məktəblərdə oxuyanların vahid məktəbli formasını geyinməsi üzərində çalışmaqdır". SİA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov ali məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O qeyd edib ki, orta məktəblərdə vahid geyimin tətbiqi tam təsdiq olunduqdan sonra ali məktəblər üçün də bu barədə fikirləşə bilərik: "Ancaq hələ ki, bu məsələ gecikir və bunu hələ düşünmürük. Mənim adımdan da mətbuatda bəzi məlumatlar gedib, guya ali məktəblərdə forma tətbiq ediləcək. Amma bütün bu fikirlərin heç bir əsası yoxdur". Təhsil nazirinin sözlərinə görə, paytaxt məktəblərində bu ildən vahid məktəbli formasına keçilsə də bütün ölkə üzrə orta və ali məktəblərdə vahid məktəbli formasına keçid hələ tezdir: "Bizim hələ əsas məqsədimiz bütün orta məktəb şagirdlərinin məktəbli forması geyinməsidir. Bundan sonra hansı məktəbin, hansı rayonun formasının necə olacağı ikinci məsələdir. Gəlin ilk növbədə valideynlərin, ictimaiyyətin dəstəyi ilə mövcud problemi həll edək, ondan sonra Respublika üzrə ümumi formaya keçmə barədə düşünə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə