Magistrlər Moskva Fizika-Texniki İnstitutunda təhsil almaq üçün imtahan veriblər

Magistrlər Moskva Fizika-Texniki İnstitutunda təhsil almaq üçün imtahan veriblər

Bu gün Bakı Dövlət Universitetinin Kimya, Fizika və Biologiya fakültəsinin I və II kursunda təhsil alan 17 nəfər magistr BDU və Moskva Fizika-Texniki İnstitutu (MFTİ) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən MFTİ-də magistratura təhsillərini davam etdirmək üçün imtahan veriblər. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, imtahan prosesini izləyən rektor, akademik Abel Məhərrəmov tələbələrlə söhbət edib, suallarla maraqlanıb, onların hər birinə uğurlar arzulayıb.

İmtahan MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy Pavloviç və Nazar Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Müsabiqədən keçmiş tələbələr fevral ayından etibarən təhsillərini adıçəkilən institutun müvafiq fakültələrində davam etdirəcəklər. MFTİ müsabiqənin 2 nəfər qalibini öz hesabına oxutmaq niyyətindədir. Əgər müsabiqədən keçənlərin sayı 2 nəfərdən çox olarsa, onların təhsillərini Azərbaycan dövləti öz üzərinə götürəcək.

Fizika fakültəsindən 7, Geologiya və Kimya fakültələrinin hər birindən isə 5 magistrin qatıldığı imtahan sualları MFTİ tərəfindən tərtib edilib. İmtahan prosesini Azərbaycan tərəfindən Fizika fakültəsinin professoru Rəna Qasımova və Fizika İnstitutunun professoru Nadir Abdullayev də izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə