Məktəblərdə pul yığımı valideynləri narahat edən məsələlərdən biridir. Xüsusilə də ildə iki dəfə - 5 oktyabr Beynəlxalq Müəllimlər, 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində belə narazılıqların olduğunu müşahidə edirik. Bu dəfə redaksiyamıza müraciət edən vətəndaşlar övladlarının təhsil aldıqları məktəblərdə belə halla qarşılaşdıqlarını dilə gətiriblər.
Şikayətlərə əsasən, deyə bilərik ki, Binəqədi və Xətai rayonlarında yerləşən bəzi məktəblərdə artıq “bayram hazırlığı”na başlanılıb. Hər kəsə məlumdur ki, Təhsil Nazirliyi tərəfindən məktəblərdə pul yığılması faktı bağlı xəbərdarlıq edilir, bu istiqamətdə aşkarlanan fakt üzrə ciddi addımlar atılır. Amma buna baxmayaraq görünür bəzi məktəblərdə hələ də bu istiqamətdə ölçü götürülmür.
Şikayətdə bildirilir ki, Bakı şəhəri Binəqədi rayonu 182 saylı orta məktəbdə bayramla əlaqədar valideynlərə artıq 1 ay öncədən 20 manatın yığılması ilə bağlı "whatsapp"a yazılı xəbərdarlıq göndərilib.
Xətai rayonu 25 saylı orta məktəbdə isə müəllimlərə pul yığmaqla yanaşı, hədiyyə almaq da nəzərdə tutulur.
Bəs Təhsil Nazirliyi nə deyir?
Məsələ ilə bağlı Təhsil Nazirliyinin fikirlərini öyrəndik. Nazirliyin mətbuat xidmətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir: “Bu halın qarşısını almaq üçün Təhsil Nazirliyinin nəzdində “Qaynar xətt” yaradılıb. Konkret faktlar olduğu təqdirdə valideynlər 146 nömrəli "Qaynar xətt" xidmətinə (anonim olmadan) müraciət edə bilərlər”.
Bu işdə valideyn komitələrinin “fəaliyyəti”
Etiraf edək ki, bu gün məktəblərdə valideyn komitələri adlı “qurumlar” var. Hansı ki, onlar uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bir sıra məqsədlər üçün pul yığımını təşkil edirlər. Valideynlər isə “valideyn komitəsi-müəllim qruplaşma”sından əziyyət çəkirlər.
“Bəzi şəxslər təhsil sistemində həyata keçirilən islahatları korlamağa çalışırlar”
Təhsil eksperti Kamran Əsədov söyləyib ki, bəzi şəxslər son illər ərzində istər ölkədə, istərsə də təhsil sistemində həyata keçirilən islahatları korlamağa çalışırlar: “Son illər təhsil sahəsində mühüm islahatlar həyata keçirilib, müəllimlərin, direktorların işə qəbulu prosesində, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsində, uşaqların birinci sinfə qəbulunun elektron qaydada keçirilməsində, ümumilikdə təhsil sisteminin şəffaflaşdırılmasında çox ciddi işlər görülür. Amma buna baxmayaraq, hələ də yeniliyə uyğunlaşmayan müəllimlərə rast gəlmək mümkündür. Hansı ki, onlar bayramlarda, xüsusilə də - 5 oktyabr Beynəlxalq Müəllimlər, 8 Mart Beynəlxalq Qadınlar günlərində Təhsil Nazirliyinin dəfələrlə qarşı çıxmasına baxmayaraq, qeyri-qanuni yollarla şagirdlərdən müxtəlif məbləğlərdə pul yığılmasına səbəb olurlar ”.
“Pullar “whatsapp" qrupları vasitəsilə yığılır”
Ekspert qeyd edib ki, bu gün heç bir müəllimi pul yığımında günahlandırmaq mümkün deyil: “Bu gün müəllim-valideyn assosiasiyaları var ki, həmin “quruma” rəhbərlik bir və ya iki valideynə tapşırılır. Bu “rəhbər”lər müasir texnologiyadan istifadə etməklə "whatsapp" qrupları yaradır və həmin qruplarda pul yığımını həyata keçirirlər. Belə olan zaman müəllim özü birbaşa həmin prosesdə iştirak etmir. Nazirlik tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Amma yaxşı olardı ki, nazirlik tərəfindən anonim sorğular da qeydə alınsın. Əgər hansısa məktəbdə belə bir fakt varsa, o zaman müəllimənin adını verməklə prosesi aydınlaşdırmaq olar. Çünki əsasən pul yığımları kiçik siniflərdə baş verir. Yuxarı sinif şagirdləri belə faktlar olanda onu sosial şəbəkədə yazır, mətbuata ötürə bilirlər. Lakin kiçik uşaqların belə imkanları olmadığı üçün onlarda pul yığımı hallarına rast gəlmək mümkündür. Hesab edirəm ki, əlamətdar günlər zamanı nazirlik tərəfindən monitorinqlər aparılmalı, təhsil müəssisələrinin qarşısında uşaqlardan bu haqda soruşulmalıdır. Fakt üzə çıxdığı zaman cəza tədbirləri görülməlidir”.
“Hər hansı faktı araşdırmaq üçün əsas olmalıdır”
K.Əsədov əlavə edib ki, bəzən valideynlər də şikayət etməkdən çəkinirlər: “Hər hansı faktı araşdırmaq üçün əsas olmalıdır. Əsas olmadan problemi həll etmək mümkün deyil.
Qeyd edək ki, bu gün Azərbaycanda 4472 orta ümumtəhsil məktəbində 151 min müəllim var ki, onun 71 faizini xanımlar təşkil edir. Məktəb direktorlarının da 80 faizi qadınlardır.
Məlumat üçün nəzərinizə çatdıraq ki, SİA şikayətlərin araşdırılması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib. İdarədən saytımıza verilən məlumata görə, şikayət araşdırıldıqdan sonra məsələyə rəsmi cavab veriləcək.
Xatırladaq ki, vətəndaşlar korrupsiya hüquqpozmaları ilə üzləşdikləri halda Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində fəaliyyət göstərən “161” qaynar xətt əlaqə mərkəzinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB