Təhsil Nazirliyinin Aparatı hesabat verib

Təhsil Nazirliyinin Aparatı hesabat verib
Təhsil Nazirliyinin Aparatının hesabatı dinlənilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aparatın rəhbəri İlham Pirməmmədov öncə qurumun əsas fəaliyyət istiqamətləri, strukturu, əməkdaşların vəzifə bölgüsü barədə məlumat verib. İ.Pirməmmədov bildirib ki, ötən il Təhsil Nazirliyinin struktur bölmələri arasında qarşılıqlı əlaqələrin qurulması, nazirlik üzrə sənədlərin, qərar layihələrinin hazırlanması, onların müzakirəsinin və ümumiləşdirilməsinin təşkili, özəl təhsil müəssisələrində vahid dövlət təhsil siyasətinin həyata keçirilməsinə və təhsil qanunvericiliyinin icrasına nəzarət, qanunsuz təhsil müəssisələrinin aşkar olunması və onların fəaliyyətinin dayandırılması üzrə müvafiq iş aparılıb.

İ.Pirməmmədov "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ötən il 40-a yaxın normativ-hüquqi sənədin hazırlanması, müzakirəsi və digər aidiyyəti nazirliklərlə razılaşdırılması işinin həyata keçirildiyini diqqətə çatdırıb. Aparat rəhbərinin verdiyi məlumata görə, hesabat ilində Təhsil Nazirliyinin 6 kollegiya iclası keçirilib, hər bir kollegiya qərarının icrası ilə bağlı müvafiq əmr hazırlanıb və yerlərə çatdırılıb. Özəl ali, orta ixtisas, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin mövcud vəziyyəti, tələbə kontingenti, professor-müəllim və pedaqoji heyəti haqqında iştirakçılara məlumat verən aparat rəhbəri 2010-cu ildə özəl ali məktəblərdə tələbə qəbulu planının yerinə yetirilmə vəziyyəti, saxta təhsil sənədlərinin aşkar olunması və onların mövcud qaydada ləğvi istiqamətində reallaşdırılan tədbirlərdən söz açıb.

İ.Pirməmmədov Aparatın ötən il ərzində təhsil müəssisələrinin dövlət nümunəli təhsil sənədlərinə tələbatının öyrənilməsi, ümumiləşdirilməsi və sifarişin təşkili, eləcə də "Təhsil tarixi" kitabının yazılması, "Azərbaycan milli maarifinin korifeyləri" layihəsinin icrası ilə bağlı görülən işlər və 2011-ci ildə qarşıda duran vəzifələr haqqında danışıb.

Sonra İ.Pirməmmədov aparatın nəzdində fəaliyyət göstərən təhsil sənədlərinin tanınması işi üzrə, məktəbəqədər təhsil, hüquq sektorları, eləcə də xüsusi şöbə tərəfindən 2010-cu ildə görülən işlərə dair hesabatla çıxış edib. Aparat rəhbəri öz çıxışında təhsil sənədlərinin tanınması işi üzrə sektorun ümumi fəaliyyəti, sektora daxil olan sənədlərin ekspert qrupu tərəfindən araşdırılması, təhsil sənədlərinin tanınması ilə bağlı xüsusi kompüter proqramının hazırlanması, diplomların tanınması üzrə ümumi vəziyyət, məktəbəqədər təhsil sektorunun vəzifə və funksiyaları, yeni inşa olunmuş, əsaslı və cari təmir edilmiş uşaq bağçaları barədə iclas iştirakçılarına məlumat verib. Təhsil Nazirliyinin sifarişinə əsasən hazırlanan 39 adda müxtəlif təlim vəsaitinin ölkənin məktəbəqədər təhsil müəssisələrinə paylanması, müvafiq proqram və layihələrin icrası, eləcə də nəzərdə tutulan işlərdən bəhs edən İ.Pirməmmədov xüsusi şöbənin və hüquq sektorunun 2010-cu ildə sənədlərin icrası, müvafiq məsələlərin yerinə yetirilməsi üzrə həyata keçirdiyi tədbirləri nəzərə çatdırıb.

Sonda hesabatla bağlı suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə