ADU-da monitorinq aparılıb

Yanvarın 17-də Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Dillər Universitetində (ADU) qış imtahan sessiyasının gedişi ilə bağlı monitorinq aparıb. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, monitorinqdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Şəbəkəyə daxil olan Korrrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və İctimai Münasibətlər və Cəmiyyətin İnkişafı Mərkəzinin rəhbəri Əhməd Abbasbəyli iştirak edirdi. Tərcümə fakültəsində keçirilən Xarici dil və Ölkəşünaslıq imtahanlarının monitorinqi zamanı çıxış edən ADU-nun rektoru Səməd Seyidov universitetdə keçirilən imtahanlar barəsində qonaqlara məlumat verdi. Universitetdə keçirilən imtahanların obyektiv, düzgün və şəffaf keçirildiyini deyən rektor rəhbərlik etdiyi ali təhsil ocağının monitorinq aparılması üçün ictimai təşkilatlar üçün açıq olduğunu bildirdi. İmtahan nəticələrinin dərhal yoxlanılmasının müəyyən problemlər yaratdığını vurğulayan S.Seyidov bunun keyfiyyətin aşağı düşməsinə səbəb olduğunu diqqətə çatdırdı: "İmtahan nəticələrinin dərhal yoxlanılması keyfiyyət göstəricilərinin istənilən səviyyədə olmamasına gətirib çıxarır. Bu da öz növbəsində nəticələrlə bağlı appelyasiyaların çoxalmasına səbəb olur".

Rektor imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı dünya təcrübəsindən də bəhs etdi. O, müəllim və tələbə arasında lazımi ünsiyyətin qurulmasında qarşlıqlı anlaşmanın mühüm rol oynadığını vurğuladı: "Müəllim və tələbə ona verimiş hüquqları bilməlidir. Belə olan təqdirdə tərəflər arasında anlaşımazlıqlar yaranmaz".

Fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ali təhsi ocaqlarında imtahan sessiyalarının gedişi ilə bağlı monitorinqlər aparıldığını bildirdi. Sonda ADU-nun Tədris şöbəsinin müdiri Lyudmila Muradovanın sədrlik etdiyi Operativ Qərargah üzvlərinin və Fransız, Alman, 1 və 2 saylı İngilis dili və Filologiya fakültə dekanlarının iştirakı ilə təklif və şikayətləri qəbul etmək üçün müvafiq qutular açıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə