Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış Sazişə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə aşağıdakı ixtisaslar üzrə müsabiqə elan edilir:
- informasiya texnologiyaları;
- mühəndislik;
- neft sənayesi;
- tibb;
- riyaziyyat;
- fizika;
- biologiya;
- kimya;
- ekologiya;
- kənd təsərrüfatı.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, bakalavr səviyyəsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində I qrupa daxil olan ixtisaslar üzrə ən azı 550 bal, digər ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər.
Magistratura səviyyəsində təhsil almaq üçün isə aşağıdakı şəxslər müraciət edə bilərlər:
- 2010/2011-ci tədris ilində I qrup ixtisasları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 112 bal (və ya bunun ekvivalenti) toplamış namizədlər;
- 2010/2011-ci tədris ilində digər ixtisas qrupları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 120 bal (və ya bunun ekvivalenti) toplamış namizədlər;
Diplomdan sonrakı tibb proqramlarında təhsil almaq üçün təhsil müddəti ərzində orta qiyməti ən azı 4.0 olan tibb universitetinin sonuncu kurs tələbələri və ya məzunları müsabiqədə iştirak edə bilər.
Azərbaycanda Bakalavr səviyyəsi üzrə alınmış təhsil Almaniyada Magistr səviyyəsinə qəbul olunarkən tanına bilər. Azərbaycanda Magistr səviyyəsi üzrə alınmış təhsil Almaniyada Doktorantura səviyyəsinə qəbul olunarkən tanına bilər. Maraqlananlar hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.30-dək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər. Sənədlərin təqdim edilməsi üçün son müddət fevralın 18-ə qədərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB