Gələcəyə hesablanan təhsil strategiyası

Gələcəyə hesablanan təhsil strategiyası

ADPU-nun Şamaxı filialında yaradılan şərait, formalaşan imtahan təcrübəsi bütün ölkədə təbliğ və tətbiq olunmağa layiqdir

28 illik fəaliyyəti dönəmində zəngin ənənələr formalaşdırmış, minlərlə gənc müəllimin doğma yuvasına çevrilmiş ADPU-nun Şamaxı filialı regionda yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də rayonun ictimai həyatında mühüm rol oynayır. Filialın məzunları müxtəlif bölgələrdə, xüsusilə Şamaxıda və onun ətraf kəndlərində uğurla fəaliyyət göstərirlər. Bu gün də filialda gənc pedaqoqların yetişməsi, lazımi biliklərlə təmin olunması üçün bütün şərait yaradılıb. 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası zamanı gördüklərimiz dediklərimizin təsdiqidir.

İmtahanlarda tam şəffaflığın təmin olunması üçün filialın rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb. Tam əminliklə demək olar ki, ADPU-nun Şamaxı filialında yaradılan şərait, formalaşan imtahan təcrübəsi bütün ölkədə təbliğ və tətbiq olunmağa layiqdir. Filialla tanışlığın ilk anlarından hiss edirsən ki, burada hər şey əlverişli təhsil mühitinin yaradılmasına, tələbələrin rahatlığına hesablanıb. Artıq 8 yanvar 2019-cu il tarixindən vətəndaş cəmiyyəti platformasının resurslarından istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlər üzrə filialda İctimai Şura fəaliyyət göstərir. İctimai Şuranın tərkibinə Şamaxı rayonunun ictimai həyatında xüsusi fərqlənən, müxtəlif fəxri adlarla təltif edilən, qabaqcıl təhsil işçiləri daxil edilib. İctimai Şuranın üzvləri Filialla sıx əlaqə saxlayır, imtahanların aparılması prosesində yaxından iştirak edirlər.

İctimai Şuranın üzvü, Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli liseyin əməkdar müəllimi Kamal Balakişiyev bizimlə söhbətində imtahanların yüksək səviyyədə təşkil edildiyini bildirdi:
“15 yanvar tarixində İctimai şuranın üzvləri olaraq imtahan prosesinin monitorinqi məqsədilə imtahan sesiyasında iştirak etdik. İlk olaraq dəyirmi masa ətrafında təhsil sahəsində baş verən yeniliklərdən, uğurlardan danışdılq, fakir mübadiləsi etdik. Sonra imtahanların gedişini izləmək məqsədilə imtahan gedən auditoriyalarda olduq. Xüsusilə qeyd etmək istəyirəm ki, imtahanların keçirilməsi üçün auditoriyaların hazrlıq vəziyyətinə gətirilməsi, növbətçilərin öz yerlərində olması və dəhlizlərdə tam sakitliyin təmin olunması şura üzvləri tərəfindən razılıqla qarşılandı".

İctimai Şuranın üzvü, E.Hüseynov adına Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin "Tərəqqi" medalı ilə təltif edilmiş müəllimi Könül Abdurahmanova bildirdi ki, Şura üzvləri imtahan bitdikdən sonra yazı işlərinin şifrələnməsi, müəllimlərin imtahan nəticələrinin yoxlamaları prosesini də izlədilər və bu proseslərdə tam obyektivliyin şahidi oldular: “Apellyasiya Komissiyasının və İmtahan qərərgahının fəaliyyəti ilə də yaxından tanış olduq. Filialın TGT sədrinin də Apellyasiya komissiyasının üzvü olması Şura üzvləri tərəfindən yüksək qiymətləndirildi".

Filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova bizimlə söhbət zamanı qeyd etdi ki, gələcəyin müəllimlərinin müəllimi olmaq kimi şərəfli və məsuliyyətli bir yükü daşıdığımızı yaxşı dərk edirik: "Odur ki, var qüvvəmizlə bu şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışırıq. Xüsusilə imtahan prosesinin şəffaflığını, obyektivliyini təmin etmək üçün nə lazımdırsa edirik. ADPU-nun Şamaxı filialında 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 dekabr 2018-ci il tarixli F-792 nömrəli “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmri və ADPU-nun müvafiq normativ sənədləri əsasında təşkil olunmuşdur.

İmtahan sessiyasına hazırlıq işləri mütəşəkkil şəkildə həyata keçirilir. Belə ki, imtahan sessiyasından 1 ay əvvəl imtahan sualları hazırlanaraq tələbələrə təqdim edilmiş və eyni zamanda həmin suallar əsasında imtahan biletləri tərtib edilmişdir. Tələbələrin imtahana giriş balları hesablanaraq onların nəzərinə çatdırılmış və elanlar guşəsində yerləşdirilmişdir. Hər bir fənn üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən (səbəbindən aslı olmayaraq) tələbələr müəyyənləşdirmişdir və onlar həmin fəndən imtahanlarda iştirak etmirlər.

Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə filialın 24.12.2017-ci il tarixli 02/99 nömrəli əmri ilə Apellyasiya Komissiyası yaradılmışdır. Apellyasiya Komissiyası filialın II mərtəbəsində, 202-ci otaqda fəaliyyət göstərir. Tələbə imtahanın nəticəsindən narazı qaldıqda, nəticələr elan olunduğu gün filialın Apellyasiya Komissiyasına ərizə ilə müraciət edir və komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir. Tələbə çıxarılan qərardan razı qalmadıqda həmin ixtisas üzrə digər müəllim yenidən yazı işinə baxır və qərar qəbul olunur və protokollaşdırılır. Filialın TGT sədri də Apellyasiya komissiyasının üzvüdür və o, komissiyanın fəaliyyətində iştirak edir".

Filialın tədris və elmi işlər üzrə direktor müavini Şahsəddin Mikayılov da imtahan prosesinin yüksək səviyyədə təşkil edildiyini əminliklə bildirdi: “İmtahan sessiyasında 5 ixtisas üzrə 23 qrupda 508 tələbə iştirak edir. Keçiriləcək imtahanların sayı 132-dir. İmtahanlar ADPU-nun Elmi Şurasının 25 dekabr 2018-ci il tarixli iclasının qərarı ilə təsdiq olunmuş “İmtahan sessiyasının təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq təşkil olunur.

İmtahan cədvəli (məsləhət saatları qeyd olunmaqla) dekabr ayının 20-dək filialın rəhbərliyi tərəfindən təsdiq olunub elanlar lövhəsindən asılmışdır. Tələbələr imtahandan əvvəl həmin cədvəl üzrə məsləhət saatlarında iştirak edirlər.

İmtahanlar bir qayda olaraq yazılı formada keçirilir, saat 9-00-da başlanır və 2 saat davam edir. İmtahanın vaxtında başlanması üçün tələbələrin 08-30-da imtahan zalının qarşısında hazır olmaları tələb olunur. Tələbə bileti olmadan heç bir tələbə imtahana buraxılmır.

İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnərək təyin olunmuş ixtisas müəllimləri tərəfindən yoxlanılır, qiymətləndirilir. Yoxlanılmış imtahanların nəticələri tələbələrə elan olunur və elanlar lövhəsində yerləşdirilir”.

Qeyd edək ki, Filialda imtahanların obyektiv, şəffaf təşkili və keçirilməsi, imtahan prosesində yarana biləcək neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə 24.12.2018-ci il tarixli, 02/98 nömrəli əmrlə İmtahan Qərargahı yaradılmışdır. İmtahan Qərargahı filialın tədris korpusunun birinci mərtəbəsində, 123-cü otaqda fəaliyyət göstərir (əlaqə telefonu: 020-26-9-64-74). Qərargaha daxil olacaq hər bir ərizə və ya şikayətin dərhal direktorluğa çatdırılması bununla bağlı əmrdə öz əksini tapmışdır.

İmtahanların gedişi zamanı nizam-intizam qaydalarına ciddi əməl olunması üçün filialın müvafiq əmri ilə imtahanlara nəzarətçi-koordinatorlar və nəzarətçi müəllimlər (qeyri-ixtisas müəllimlərindən) təyin olunmuşdur Filial direktorunun icazəsi olmadan kənar şəxslərin imtahanlara müdaxilə edilməsi yol verilməzdir.
İmtahanların normal keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin olunur. Sessiya zamanı kitabxananın fasiləsiz işləməsi təmin olunmuşdur.

ADPU Şamaxı filialında imtahan sessiyası zamanı demək olar ki, hər gün “Açıq qapı” günüdür. Burada mediya nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına hərtərəfli şərait yaradılıb. Müəllimlərin müəllimləri yaxşı dərk edirlər ki, gələcəyimizn təməlləri məhz bu gün, bu auditoriyalarda atılır. Sabahın müəllimlərinin xalqıımıza, dövlətimizə layiqli kadr kimi yetişməsi üçün hərtərfli şərait yaradılıb. İnamla demək olar ki, Azərbaycan təhsilinin gələcəyi etibarlı əllərdədir!

Bütün xəbərlər Facebook səhifəmizdə