2010-cu il Azərbaycan Dillər Universiteti (ADU) üçün bir sıra hadisələrlə əlamətdar oldu. Belə ki, ötən ildə ADU-da beynəlxalq elmi konfranslar, seminarlar və mühüm tədbirlər həyata keçirildi.
ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, 2010-cu ilin yanvarında ADU ilə Türkiyənin Hacəttəpə və Ankara Universitetləri arasında qarşılıqlı əməkdaşlığa dair protokol imzalandı.
Yanvarın 18-də isə ADU və Hindistan Respublikasının Azərbaycandakı səfirliyi arasında imzalanan müqaviləyə əsasən universitetdə Hind Mərkəzi fəaliyyətə başladı.
Yanvarın 21-də Belçika Senatının keçmiş sədri Ann Mari Lizinlə ADU rəhbərliyi arasında görüş keçirildi.
Yanvar ayı daha bir hadisə ilə yadda qaldı. Belə ki, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət" adlı kitabı rus dilində nəşr olundu.
Fevralın 19-da ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin yaranmasının bir illik və universitetin rəsmi orqanı olan "Poliqlot" qəzetinin 10 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilidi.
Aprelin 2-də ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin təşəbbüsü ilə "Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi" mövzusunda dəyirmi masa keçirildi.
Aprelin 8-də ADU-da Alman oxu zalı fəaliyyətə başladı.
Aprelin 15-də Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu Azərbaycana səfəri çərçivəsində ADU-da oldu. Həmin gün Azərbaycan Dillər Universitetində da ümumilli lider Heydər Əliyevin sərəncamı ilə ADU-ya Universitet statusu verilməsinin 10 illiyinə həsr olunmuş "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda III respublika konfransına start verildi.
Mayın 5-də Tələbə Elmi Cəmiyyətinin (TEC) illik konfransı keçirildi.
İyunun 23-də ADU-da Avstriya kitabxanasının açılşı oldu. Mərasimdə Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqer iştirak etdi. İyunun 29-da ADU-da İndoneziya Mərkəzinin açılış mərasimi keçirildi.
Avqustun 20-də ADU-nun rektoru, professor Səməd Seyidovun sədrliyi ilə Azərbaycan Dillər Universitetində "Azərbaycanda şifahi və yazılı tərcümənin tədrisi sahəsində islahatlar" layihəsinin Avropa Birliyinin TEMPUS IV Çağırış üzrə élan etdiyi müsabiqədə qalib gəlməsi ilə əlaqədar tərəflərin ilkin görüşü keçirildi. Qeyd edək ki, Cənubi Qafqaz ölkələri üzrə ayrılan 1 milyon 500 min avronun 1 milyon 76 min avrosu Azərbaycanın payına düşən Avropa Birliyi layihəsində ADU Avropa Universitetlərinin Azərbaycan tərəfindən koordinasiyasını həyata keçirən tərəfdaş seçildi. Adıçəkilən bu layihədə Azərbaycandan olan universitet - Azərbaycan Dillər Universiteti sadəcə partnyor – iştirakçı deyil, layihənin rəhbəri (koordinatoru) kimi çıxış edəcəkdir. Öz-özlüyündə bu, Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsinə, islahatların daha da inkişaf etdirilməsinə və Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına təkan verəcəkdir. Bütövlükdə layihədən 230-dan artıq tələbə, 350-dək professor - müəllim heyəti və 30-dək inzibati heyət yararlana biləcək .
Sentyabrın 17-də Azərbaycan Dillər Universiteti (ADU) və İtaliyanın Peruca Universiteti arasında imzalanmış cari müqavilənin müddəti bitdiyi üçün mövcud əməkdaşlığı davam etdirmək məqsədilə yenidən müqavilə imzalandı. Oktyabrın 20-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidinqton Azərbaycan Dillər Universitetinin tələbəri qarşısında "Azərbaycan və onun Avropada mövqeyi" mövzusunda məruzə ilə çıxış etdi. Oktyabrın 25-də Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Noyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) "Ali təhsildə e-tədris" mövzusunda seminar keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitetlərindən olan Edinburq Universitetinin professorları Hemiş Makleod və Çarlz Anderson iştirak ediblər.
Noyabrın 24-də ADU-da TEMPUS proqramı çərçivəsində "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" layihəsi ilə əlaqədar "İlkin məlumatlandırma konfransı" keçirilib.
Noyabrın 25-27-də ADU-da Mədəniyyətlərarası dialoq: "Linqvistik pedaqoji və ədəbi aspektlər" beynəlxalq konfransı keçirildi. Konfransda Almaniya , İtaliya, Fransa, Koreya, Belçika, ABŞ , Bolqarıstan , Hindistan, Türkiyə, Böyük Britaniya, Gürcüstandan elm adamları iştirak edib. Konransa İngiltərənin Hartford Universitetinin fəxri prezidenti, dünya şöhrətli, görkəmli dilçi alim, professor Hampri Tonkin və Belçikanın Antverpen Universitetinin professoru Cef Verşuren də qatılmışdı.
Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Milli Tempus İnformasiya gününə həsr olunmuş konfrans keçirilib. Avropa Birliyinin Tempus proqramının Bakı ofisinin və ADU-nun təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Təhsil naziri Misir Mərdanov, Təhsil nazirinin müavini Elmar Qasımov, Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı agentliyinin (EACEA) rəsmisi, Tempus proqramı üzrə məsul şəxs Franz Steidele, eləcə də ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Dekabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Türk Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı ilə universitetin tələbə-müəllim heyəti arasında görüş keçirilib. Görüşdə Türk Ölkələri Əməkdaşlıq Şurasının fəaliyyət istiqamətlərindən danışılıb. Ötən ilin son günləri də universitet üçün əlamətdar olub.
Belə ki, dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) universitet Müdafiə Şurasının keçirilən iclasında ADU-nun professoru Bilal Bayram oğlu İsmayılov "Kommunikativ sintaksis problemləri: fransız dilinin sadə nəqli cümləsi materialı əsasında Azərbaycan dili ilə müqayisədə" dissertasiyası əsasında Azərbaycanda ilk dəfə olaraq romanistika üzrə doktorluq müdafə edib. Həmin gün daha bir hadisə ilə də yadda qaldı. ADU-nun rektoru, professor S. Seyidovun təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələrini diplomatik korpus rəhbərləri ilə görüş keçirilib.
Görüşdə təhsil sahəsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Ötən il ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti üçün də uğurlu keçdi. "Azadinform" informasiya agentliyinin dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı keçirdiyi sorğuda ali məktəblərin mətbuat xidmətləri içərisində ADU-nun Mətbuat xidməti analoji strukturlar arasında "İlin mətbuat xidməti" adını qazandı.
ADU-nun Mətbuat xidməti heç də təkcə ali təhsil müəssisələrinin analoji strukturları ilə deyil, artıq nazirliklərin mətbuat xidməti şöbələri ilə peşəkarcasına rəqabət aparmaq gücündədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB