Təhsil naziri 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb

Təhsil naziri 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb

Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə təhsil naziri Misir Mərdanov imzaladığı əmrə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırıq verilib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, qeyd edilib ki, onlar 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar;

- qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt"inə operativ məlumat verilməsini təmin etsinlər;

- imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etsinlər;

- imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;

- qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.

Eyni zamanda Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılıb ki, ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etsinlər;

- monitorinqə Təhsil Nazirliyinin əməkdaşlarını, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrini cəlb etsinlər;

- qış imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;

- sessiyanın nəticələrini təhlil edib müvafiq hesabatı müzakirəyə təqdim etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə