Rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, bu gün Bakı Dövlət Universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.
İmtahan başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər-koordinatorların iştirakı ilə rektorun görüşü keçirilib. Çıxış edən akademik Abel Məhərrəmov qış imtahan sessiyası haqqında danışıb, dekanları, koordinator və rəhbər koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Rektor bildirib ki, tələbələrə daha ciddi nəzarət etmək, köçürmə hallarının qarşısını almaq üçün bütün auditoriyalarda kameralar quraşdırılıb.
Bu işlərə nəzarət edəcək Elektron Tədris Mərkəzi haqqında danışan rektor bildirib ki, qurum BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə ciddi nəzarət edilməsi, universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, eyni zamanda, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə nəzarət etmək məqsədilə yaradılıb.
Daha sonra çıxış edən Tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev bugünkü imtahanların 5 fakültə, 38 auditoriyada aparılacağını bildirib. İmtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü başa çatdıqdan sonra rektor imtahan keçirilən auditoriyalarda olub.
Tələbələrə uğurlar arzulayan rektor, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB