Bu ilin ilk sınaq imtahanlarına yazılış başlayır- Açıqlama

Bu ilin ilk sınaq imtahanlarına yazılış başlayır- Açıqlama
Yanvarın 6-dan etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkil etdiyi sınaq imtahanına yazılış başlayır. Bu barədə SİA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, komissiya bu il ilk dəfə olaraq yanvar ayında abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün sınaq imtahanı təşkil edəcək. Onun sözlərinə görə, sınaq imtahanı yanvarın 23-də respublikanın 11 şəhərində- Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçiriləcək.

"İmtahana yazılış sabahdan etibarən başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Bunun üçün abituriyentlər TQDK-nın "ödəmə kartı"nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən, həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən əldə etmək mümkün olacaq.
Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılacaq. Belə ki, "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala biləcək. Bunun üçün isə onlar komissiyanın internet saytında yerləşdiriləcək linkə daxil olaraq ödəmə kartlarını əldə edəcəklər".

E.Nağızadə qeyd edib ki, sonrakı sınaq imtahanlarının müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə