Azərbaycan təhsilinin son 15 ildə keçdiyi YOL ŞƏRH-ÖZƏL

Azərbaycan təhsilinin son 15 ildə keçdiyi YOL ŞƏRH-ÖZƏL

“Son 15 ildə ölkə prezidenti İlham Əliyev tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərilib. Bunun nəticəsidir ki, təhsil sahəsində bir sıra parlaq uğurlara imza atılıb, təhsil sahəsində mühüm islahatlar və layihələr həyata keçirilib”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən beş il ərzində təhsil sahəsində böyük işlər görülüb: “Strategiyada təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülüb. Strategiyada nəzərdə tutulmuş müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması hədəfinə nail olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib”.

"Son 15 ildə ölkədə 3200-dən çox məktəb binası tikilib"

Ölkə başçısının diqqət və qayğısı nəticəsində ümumi təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini deyən sektor müdiri söyləyib ki, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb: “Ölkə rəhbərinin təhsilə qayğısı və diqqəti sayəsində paytaxt təhsilində də keyfiyyətin artırılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib, çoxşaxəli tədbirlər həyata keçirilib. BŞTİ tərəfindən reallaşdırılan layihələr və inkişaf yönümlü pilot proqramlarında təhsil işçiləri, məktəblilər və valideynlər böyük həvəslə iştirak ediblər. İctimaiyyət tərəfindən maraqla qarşılanan pilot proqramları və layihələrdə qazanılan uğurlar yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır. Həyata keçirilən layihələrin məktəblilərin gələcək nailiyyətlərinə bundan sonra da müsbət təsir göstərəcəyinə inanırıq”.

B.Məmmədov vurğulayıb ki, “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrə əsasən, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə yer verilib:

“Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 2018-ci ildə tətbiq edilən yeniliyə əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul edilib.

"Məktəbəhazırlıq təhsilinin əhatəliliyi 75 faizə çatdırılıb"

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisəsində məktəbəhazırlıq təhsilinin əhatəliliyi 75 faizə çatdırılıb. Paytaxtda məktəbəhazırlıq qruplarındakı uşaqlar www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə avtomatik I sinfə qəbul üzrə qeydiyyatdan keçib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi və tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı ilə bitirən məzunların sayı artıb. Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən (700 bal) məzunlar ilbəil artmaqdadır. Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib”.

"Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır"

“2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” üzrə çoxsaylı işlərin görüldüyün deyən sektor müdiri qeyd edib ki, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib: “Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbir və islahatlar müzakirə olunub, təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilmiş, həmçinin ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılıb. Sözsüz ki, dövlət rəhbərinin təhsilə qayğısı nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, eyni zamanda təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu isə ümumilikdə müəllim peşəsinə olan marağın artmasına səbəb olub. Təsadüfi deyil ki, bu il ali məktəblərə qəbul imtahanlarında 2000 nəfərdən çox tələbə 500-dən çox bal toplayaraq universitetlərə qəbul olunub”.

B.Məmmədov əlavə edib ki, Azərbaycan beynəlxalq təhsil reytinqlərində bütün göstəricilər üzrə irəliləyir, beynəlxalq olimpiadalardakı uğurların sırası genişlənir: “Bütün bunlar son 15 ilin inkişaf platformasında təhsilin öncül yerini göstərir, dövlət başçısının xalqın intellektual potensialının inkişafına olan həssas münasibətini əks etdirir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə