Azərbaycan tələbələrinin II qurultayı keçirilib YENİLƏNİB -VİDEO- FOTOLAR

Azərbaycan tələbələrinin II qurultayı keçirilib YENİLƏNİB -VİDEO- FOTOLAR

Bu gün Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib. SİA-nın xəbərinə görə, Qurultay iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Baş nazirin müavini Əli Əhmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Əli Əhmədov gənclərin və tələbələrin Azərbaycan əhalisinin əhəmiyyətli qismini təşkil etdiyini, onların ölkənin siyasi, iqtisadi, sosial həyatında mühüm rol oynadıqlarını qeyd edib və qurultayın işinə uğurlar arzulayıb.

Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Nazir "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb.

Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub.

Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub. Qurultay tələbələrin çıxışları ilə davam edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Elnur Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Novruzova, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Liverpul Universitetində təhsil almış Ümid Mehdiyev, Bakı Dövlət Universitetinin tələbəsi, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Əfsanə Abdullayeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi Kərim Nəcəfov, Azərbaycan Dillər Universitetinin tələbəsi Ayşən Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Amin Fərəczadə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının tələbəsi Seyidəli Abbasov öz uğur hekayələrini bölüşüblər.

Qurultay tələbələrin ifasında hazırlanmış konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə