Şərəfli yolun yolçusu

"Mən dünyada müəllimdən yüksək ad tanımıram".

Heydər Əliyev

Dövlətimizin təhsilə göstərdiyi qayğı və diqqət daim artır. Lənkəran təhsilində də bu illərdə böyük irəliləyişlər əldə edilib. Təhsilin səviyyəsi artmış, ali məktəblərə yüksək balla qəbul olunanların sayındə əhəmiyyətli artım qeydə alınıb. Lakin həyat yerində dayanmır, dünya hər gün dəyişir, inkişaf edir. Həyatla daim ayaqlaşmaq, ölkə üçün bilikli, əsl vətəndaşlar yetişdirmək üçün təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. Bu yerdə Ulu öndər Heydər Əliyevin təhsil haqqında dediklərini yada salmaq yerinə düşür: “Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.”

Bu yolda inamla addımlayan, şagirdlərin yaradıcı imkanlarını aşkara çıxarıb inkişaf etdirməyə can atan, yeni metod və texnologiyalardan bacarıqla istifadə edən, dərslərini fəal interaktiv təlim üsulları ilə quran müəllimlərimiz az deyil. Öz işinə məsuliyyətlə yanaşan, öz fənnini şagirdlərinə sevdirməyi bacaran müəllimlərimizdən biri də Lənkəran şəhər 3N-li tam orta məktəbin kimya-biologiya müəllimi Sevda Qədirlidir. O, 30 ildən çoxdur ki, ömrünü şagirdlərinin yolunda şam kimi əridib, gecəsini gündüzünə qataraq rahatlıq bilmədən şagirdlərinə yüksək bilik verməklə yanaşı, onları əsl vətəndaşlar kimi yetişdirməyə səy göstərib. Çəkdiyi zəhmət diqqətdən yayınmayıb. Ölkə Prezidenti İlham Əliyevin 2018-ci il oktyabr ayının 4-də imzaladığı Sərəncamda pedaqoji sahədə uzun müddətli və səmərəli fəaliyyətinə görə Sevda Qədirli də “Tərəqqi” medalı ilə təltif olunub. Əbəs deyildir ki, təcrübəli müəllimənin zəhmətinə verilən layiqli qiymət dövlətimizin təhsilə və təhsil işçilərinə göstərdiyi qayğı və diqqətin nümunəsi kimi qiymətləndirildi.

Sevda Həzrətqulu qızı Qədirli 1964-cü ilin fevral ayının 7-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olub. Atası uzun müddət müxtəlif vəzifələrdə çalışıb, “Lənkəran” qəzetinin redaktoru, yazıçı, jurnalist və müəllim kimi böyük hörmətə malik olub. Belə bir ziyalının ailəsində boy atan Sevda müəllimə 1980-ci ildə Lənkəran şəhər 3N-li məktəbini əla qiymətlərlə başa vurub Azərbaycan Dövlət Universitetinin kimya- biologiya fakültəsinə daxil olur. 1986-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Sevda Qədirli doğma məktəbə kimya-biologiya müəllimi kimi qayıdır və hal-hazıra kimi bu məktəbdə müəllimlik fəaliyyətini uğurla davam etdirir.

Sevda müəllimə söhbət zamanı bildirdi ki, çalışdığı illər ərzində məktəbdaxili, rayon, eləcə də respublika səviyyəsində keçirilən pedaqoji tədbirlərdə fəal iştirak edib. O, 1989, 1995-ci illərdə təkmilləşdirmə və ixtisasartırma kurslarında ixtisası üzrə təlimlərdə olub. 2002-ci ildə “Təhsilin humanistləşdirilməsi yeni pedaqoji təfəkkürün təzahürüdür” mövzusunda rayon və “Müasir təlim metodlarından istifadə təhsilin keyfiyyətinin yüksəldilməsinin mühüm şərti kimi” mövzusunda XXIV Respublika pedaqoji mühazirələrində I və III yerlərin qalibi olmuş, Təhsil Nazirliyinin diplomları ilə təltif edilib. 2003-2004-cü tədris ilində Təhsil Nazirliyi Müəllimlər institutunda “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə kursların dinləyicisi, 2004-2007-ci illərdə İTK-nin təhsildə tətbiqi üzrə “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi”, təlimin “İntel” və “Mədəd” kurslarının iştirakçısı olub. 2013-cü ildə Təhsil Nazirliyinin İxtisasartırma təhsili haqqında biologiya fənnindən, 2014-cü ildə kimya fənnindən kurslarda təlim keçib və sertifikarta layiq görülüb. 2016-cı ildə “Prometan” interaktiv lövhələrdən istifadə üzrə təlim kursunu bitirib.

Şagirdləri dəfələrlə müxtəlif müsabiqələrdə uğurla çıxış ediblər. Abdullayeva İlhamə 2008-ci ildə (hazırda həkim işləyir) Respublika fənn olimpiadasında biologiya fənnindən II yeri qazanıb. 2014-cü ildə Təhsil Nazirliyi nəzdində Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin keçitdiyi “Meşələri qoruyaq” Respublika müsabiqəsində şagirdi Aytac Axundzadə “Lənkəranın florası və endem bitkiləri” mövzusu üzrə II yerə layiq görülüb.

Eyni zamanda Sevda müəllimə Dövlət İmtahan Mərkəzinin Lənkəran şöbəsində nəzarətçi müəllim kimi də fəaliyyət göstərir. Təhsilin inkişafına dəstək məqsədi ilə yaradılan “Dayaq məntəqələri” Sevda müəllimin köməkliyi və təşkilatçılığı ilə şəhər 3N-li məktəbdə təşkil edilib. Bu məntəqəyə şəhər və şəhərətrafı məktəblərin kimya-biologiya müəllimləri dəvət olunur, qarşılıqlı dərs dinləmələr təşkil edilir və müasir təlim metodları müzakirə olunur.

Sevda müəllimə, demək olar ki, hər il açıq dərslər keçirir və dərslərə Təhsil Şöbəsinin rəsmilərini, kimya-biologiya müəllimlərini dəvət edir. O, dərslərində prometan lövhələrdən məharətlə istifadə edir. Bu zaman o, vaxta qənaət edir və praktik işlərə daha geniş yer ayıra bilir. Belə dərslərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərin müasir texnologiya vasitələrində sərbəst işləməsini təmin etmək, onların dünyagörüşünün genişlənməsinə və daha da inkişafına nail olmaqdır.

Şəhər Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov da təcrübəli pedaqoq S.Qədirli haqda xoş sözlər söylədi: “Sevda müəllimə elmi, nəzəri, həm də metodiki cəhətdən yüksək hazırlığa malikdir. Pedaqoji təcrübəsi ilə şagirdlərdə kimya fənninə böyük maraq yaradıb. Öz peşəsini sevən, daim öz üzərində çalışan bir müəllimdir. Dərs dediyi siniflərdə şagirdlərə kimyəvi biliklərlə yanaşı onlara gündəlik həyatda kimyəvi maddələrlə davranış qaydalarını da öyrədərək onlarda yeni bacarıqlar formalaşdırır. Bununla əlaqədar Sevda müəllimə hər bir mövzuya yaradıcı yanaşır, öz işini humanist əsaslar üzərində qurur. Hər bir mövzunu həyatla, keçmişimiz, bu günümüz və gələcəyimizlə əlaqələndirir və şagirdlərdə humanist keyfiyyətlərin yaranması üçün müxtəlif vasitələrdən istifadə edir. Onların gələcəkdə kamil, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına səy göstərir.”

O, öz qayğısını gənc müəllimlərdən də əsirgəmir. 22 ildən artıqdır ki, məktəb rəhbərliyi tərəfindən gənc müəllimlərə təhkim olunmuş Sevda müəllimə öz bilik və təcrübəsini onlara həvəslə öyrədir.

Məktəbin direktoru İradə Sadıqova: “Sevda müəllimə öz fənnini sevdirməklə yanaşı, məktəbin ictimai işlərində də fəal iştirak edir.O, təkcə dərslərlə kifayətlənmir, sinifdənxaric və məktəbdənkənar tədbirlərin imkanlarından da istifadə edir, tez-tez şagirdlər arasında bilik yarışmaları, müsabiqələr, gecələr, dəyirmi masalar keçirir. Sevda müəllimənin yüksək təşkilatçılıq bacarığı var. Dərs dediyi siniflərdə həmişə yüksək təlim nəticələri, nümunəvi nizam-intizam, ideal müəllim-şagird münasibəti diqqəti cəlb edir. Onu həm şagirdlər, həm valideynlər, həm də pedaqoji kollektiv çox sevir və ona hörmət edirlər.”

Qeyd edək ki, həyat yoldaşı İlqar Qədirli rayonun tanınmış həkimlərindəndir. Lənkəran Diaqnostik Mərkəzində qəbul şöbəsinin müdiridir. Oğlu Fərid Qədirli Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikintinin iqtisadiyyatı fakültəsinin II kurs tələbəsidir.

Bu il noyabrın 28-də keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında iştirak edən, Ölkə başçısı tərəfindən layiqli qiymətini alan, “Tərəqqi” medallı Sevda müəllimə hər gün işə yeni ruh yüksəkliyi ilə başlayır.

Yazımızı ulu öndər H.Əliyevin dəyərli bir deyimi ilə sonlandırmaq istəyirik: “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.”

Biz də bilik və bacarığını şagirdlərinə həvəslə öyrədən şərəfli bir ömrün yolçusu olan Sevda müəlliməyə yeni-yeni uğurlar arzulayırıq.

Agamir Cavad,

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə