Şəmsəddin Hacıyev: “Qiyabi təhsilin distant təhsillə əvəz olunması ən az 5 ildən sonra mümkün ola bilər” - AÇIQLAMA

Şəmsəddin Hacıyev: “Qiyabi təhsilin distant təhsillə əvəz olunması ən az 5 ildən sonra mümkün ola bilər” - AÇIQLAMA
"Təhsil haqqında" qanunda da distant və qiyabi təhsil formaları təhsil alma formaları kimi qəbul edilib. Bunu heç kim ləğv edə bilməz. Amma söhbət ondan gedir ki, keçmiş postsovet məkanına daxil olan ölkələr istisna olmaqla, dünyanın heç bir ölkəsində qiyabi təhsil təhsilalma forması kimi mövcud deyil". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Mill Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qiyabi təhsilin ləğvi ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, distant və bir qədər təkmilləşdirilmiş "on-line" sistemində olan təhsil formaları var.

"Çünki Azərbaycan Avropa təhsil sisteminə inteqrasiya edir. Bu həyatın tələbidir. Ancaq, bu birgünlük olan məsələ deyil. İki ildən sonra da ola bilməz. Tədricən, ola bilsin bu proses ən az 5 ildən sonra ola bilər. Qiyabi təhsilin distant təhsillə əvəz olunması həyatın tələbədir", - deyə o əlavə edib.

Ş.Hacıyev həmçinin ali məktəb rektorlarının seçilməsi məsələsinə də münasibət bildirib. O bildirib ki, ikinci Təhsil haqqında qanunun üzərində hələki işləyirik. Komitə sədrinin sözlərinə görə, orada hələ nə olacağı bilinəcək, ancaq burada təsisçinin müstəsna hüququ nəzərə alınıb: "Əgər dövlət təsisçidirsə, onda ali məktəb rektorunu dövlət başçısı təyin edir. Özəl ali məktəblərdə isə təsisçilər kimdirsə rektor da onlar tərəfindən seçilir. Təhsil qanununda da yazılıb ki, təsisçinin müstəsna səlahiyyəti qorunmalıdır və bu çox ədalətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə