ADU-nun professoru ilkə imza atdı

ADU-nun professoru ilkə imza atdı

Azərbaycan Dillər Universitetində (ADU) universitet Müdafiə Şurasının iclası keçirildi. İclasda Bilal Bayram oğlu İsmayılovun "Kommunikativ sintaksis problemləri: fransız dilinin sadə nəqli cümləsi materialı əsasında Azərbaycan dili ilə müqayisədə" dissertasiyası əsasında elmlər doktoru adını müdafiə edirdi. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Müdafiə Şurasının iclasında çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Dillər Universitetində tarixi hadisənin şahidi olduqlarını dedi. İlk dəfə olaraq Azərbaycanda romanistika üzrə elmlər doktorluğunun müdafiə edildiyini söyləyən rektor uzun illər Azərbaycan romanistlərinin keçmiş SSRİ-nin müxtəlif ölkələrində müdafiə edərək elmlər namizədi, elmlər doktorluğu adını aldıqlarını bildirdi: "Ən yüksək səviyyə olan elmlər doktoru adını almaq üçün müxtəlif maneələr törədilirdi. Yaxud da bu cür problemlərdən yorularaq insanlar araşdırma aparmırdılar".

Rektor Səməd Seyidov hazırda doktorluq səviyyəsində Dillər Universitetinə 3 indeks üzrə - ənənəvi germanistika, xarici ölkələr ədəbiyyatı və xarici dillərin tədrisi metodikası istiqamətində indekslərin verildiyini bildirdi. Yalnız bir sahənin kənarda qaldığını xatırladan S. Seyidov romanistikanın inkişafı üçün bütün şəraitin yaradıldığını və bu prosesin bir neçə istiqamətdə aparıldığını vurğuladı. Bilal İsmayılovu onlarla dərsliklərin, məqalələrin müəllifi, Azərbaycanda fəaliyyət göstərən romanistlər ordusunun müəllimi kimi xarakterizə edən rektor bu gün onunla məsləhətləşdiklərini, onun dərsliklərinə istinad etdiklərini dedi. Rektor S. Seyidov vurğuladı ki, müdafiə işi Dillər Universitetinin tarixinə daxil olmaqla yanaşı, Azərbaycan təhsil tarixinə də daxil olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə