Uşaq- gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi müəllimlər arasında keçirilən Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Uşaq- gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi müəllimlər arasında keçirilən Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bu gün Təhsil Nazirliyində uşaq- gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi müəllimlər arasında keçirilən Respublika müsabiqəsinin yekununa həsr olunan mükafatlanma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə ilk olaraq çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Prezidentin bədən tərbiyəsi və idman sahəsi ilə bağlı sərəncam və fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətini yoxlamaq, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı idmançıları aşkar etməkdir.

Daha sonra nazir vurğulayıb ki, hazırda bir çox şahmat məktəblərində digər məsələlərin həlli üçün lazımi işlər həyata keçirilir: "Artıq bir sıra bölgələrdə- Cəlilabad, Gədəbəy, Sumqayıt və digər regionlarda yeni şahmat məktəbləri istifadəyə verilib. Bununla yanaşı, gələn ilin əvvəlləri üçün Quba və Xaçmazda da yeni şahmat məktəblərinin istismara verilməsi nəzərdə tutulur".

Misir Mərdanov onu da qeyd edib ki, bu il təşkil olunan respublika və beynəlxalq yarışmalarda 1886 medal qazanılıb: "Bu il üçün həmçinin müxtəlif idman növləri üzrə 1918 yüksək dərəcəli idmançılar hazırlanılıb".

Məlumat üçün bildirək ki, respublika müsabiqəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən bütün idman və şahmat məktəbləri iştirak edib. Müsabiqəyə cari ilin dekabrında yekun vurulub və münsiflər heyəti tərəfindən qeyd olunan nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.

Müsabiqənin yekununa həsr olunan mərasimdə qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, adı çəkilən müsabiqə Təhsil Nazirliyinin müvafiq əmri ilə təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə