Beynəlxalq Könüllülər Forumunda ölkəmiz də təmsil olunub

Beynəlxalq Könüllülər Forumunda ölkəmiz də təmsil olunub

Rusiyanın Moskva şəhərində “Könüllülər ili” elan olunması ilə əlaqədar Beynəlxalq Könüllülər Forumu keçirilirb. Foruma 100-dən çox ölkədən 15000-ə yaxın könüllü qoşulub. SİA-nın xəbərinə görə, Forum müddətində iştirakçılar “Good deeds” proqramı çərçivəsində müxtəlif sahələrdə könüllülüklə məşğul olmaq, Rusiyanın xeyriyyə fondları, təşkilat və şirkətlərinin könüllü mərkəzlərini ziyarət etmək imkanı əldə ediblər. Həmçinin iştirakçılar könüllülük sahəsində aparıcı mütəxəssislərin iştirak etdiyi müzakirə və seminarlara qatılıblar.

Forumda Azərbaycanı təmsil edən gənclər arasında Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının nümayəndəsi Ağa Səlimov da olub. Ağa Səlimov ötən il keçirilən Azərbaycan Tələbə-Könüllülərinin üçüncü forumunda “ən fəal könüllü koordinatoru” seçilib, 100-ə yaxın tədbirdə könüllü kimi fəaliyyət göstərib.

“Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 19000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 300-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə