Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi və ictimai xadimi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, BDU-nun sabiq rektoru, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin 100 illik yubileyinə həsr olunan "Geologiyanın aktual problemləri" mövzusunda respublika elmi konfransı başlayıb. BDU-nun Mətbuat və informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, iki gün davam edəcək konfransın açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Ş. Mehdiyevi Azərbaycanın elm, təhsil, idarəçilik tarixinə düşən ziyalı bir insan kimi xarakterizə edib. Ş. Mehdiyevin BDU-nin rektoru olduğu dövrü təhlil edən A. Məhərrəmov ali məktəbin inkişafında onun xüsusi əməyinin olduğunu söyləyib.
BDU-nun kafedra müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vasif Babazadə Ş. Mehdiyevin həyatı, elmi və BDU-nun rektoru kimi fəaliyyətindən danışıb. O qeyd edib ki, Ş. Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olub.
Tədbirdə təhsil naziri Misir Mərdanov və digər elm adamları da çıxış ediblər. Konfrans bölmələrdə elmi müzakirələrlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB