TQDK nəzarətçi müəllimlə bağlı Respublika Prokurorluğuna müraciət edilib

TQDK nəzarətçi müəllimlə bağlı Respublika Prokurorluğuna müraciət edilib
"2010-cu ildə keçirilmiş qəbul imtahanlarına ümumilikdə 6109 nəzarətçi-müəllim cəlb olunub. 184 nəzarətçi-müəllim əsaslı bir səbəb olmadan imtahana gəlməyib, 236 nəfər isə imtahanda laqeydlik, səhlənkarlıq göstərdiklərinə və təlimat qaydalarını pozduqlarına görə nəzarətçilər bazasından çıxarılıb". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, təlimat qaydalarını pozan nəzarətçilər barəsində müvafiq tədbirlərin görülməsi üçün Təhsil Nazirliyinə, rayon təhsil şöbələrinin rəhbərliklərinə və digər aidiyyəti təşkilatlara məktublar göndərib. Onun sözlərinə görə, 116 müəllimə isə şifahi xəbərdarlıq olunub.

"Nəzarətçi müəllimlərlə bağlı hər il əvvəlcə məktəb direktorlarına müraciət edirik. Nəzarətçi müəllimlərin kontingenti də məktəblərin fikrinə, rəyinə əsasən hazırlanır. Bu insanlar məktəbdə çalışır, ancaq bizə 3 saatlıq gəlir. Əgər onların davranışı pedaqoji davranışdan uzaqdırsa, o zaman həmin insanları müəllimlikdən uzaqlaşdırmaq lazımdır. İmtahanlardan sonra TQDK imtahan protokollarını, şikayətləri diqqətlə araşdırır. Hər il bir çox müəllimlər öz yüksək fəaliyyətinə görə komissiya tərəfindən mükafatandırılır, bəziləri isə nəzarətçilər bazasından çıxarılır", - deyə o əlavə edib.

M.Abbaszadə vurğulayıb ki, bu il şikayətlər araşdırıldıqdan sonra bir nəzarətçi idman müəllimi ilə bağlı Respublika Prokurorluğuna müraciət edilib. TQDK sədri pozuntuya yol verən idman müəlliminin adını açıqlamayıb: "Həmin nəzarətçi imtahan gedişi zamanı bir abituriyentin "Cavab kartı"nı alaraq digərinə verilib. Hələlik qarşı tərəfdən cavab yoxdur və bu məsələ ilə bağlı cinayət işi açılmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə