160 nömrəli Klassik Gimnaziyada Almaniya ilə əməkdaşlığın 10 illiyi qeyd edilib TƏDBİR-FOTOLAR - VİDEO
Bu gün 160 nömrəli Klassik Gimnaziyada məktəblərin Almaniyanin Pasch-Schulen proqramı ilə əməkdaşlığının 10 illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə 160 nömrəli klassik gimnaziyanın direktoru Faina Ələkbərova, Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Səbail rayon icra hakimiyyətinin nümayəndələri, Klassik Gimnaziyanın, N.Tusi adına Gimnaziyanın, 18 saylı məktəbin şagird və müəllim heyəti iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycanın və Almaniyanın Dövlət Himni səsləndirilib.
İlk çıxış edən gimnaziyanın direktoru Faina Ələkbərova qonaqları salamlayaraq bildirib ki, bugünkü tədbirin məqsədi məktəblərin Almaniya ilə əməkdaşlığı çərçivəsində qoşulduqları Pasch-Schulen proqramının 10 illiyini qeyd etməkdir.
Daha sonra qonaqları təqdim edən gimnaziyanın direktoru onları rəhbərlik etdiyi təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib: "Alman dili məktəbimiz yarandığı ilk gündən tədris olunmağa başlayıb və fasiləsiz keçirilir. İngilis dili isə məktəbimizdə sonradan tədris olunmağa başlayıb. Təhsil müəssisəsində alman dili 2-ci sinifdən tədris olunur. Amma ümumilikdə məktəbimizdə hər iki dilin tədrisinə önəm verilir.
Məktəbimizdə bu dilləri tədris edən peşəkar müəllimlər fəaliyyət göstərir".
F. Ələkbərova qeyd edib ki, məktəb proqrama qoşulmazdan əvvəl də Almaniya ilə əməkdaşlıq edib: "Hələ illər öncə məktəbimizdə alman dili gecələri təşkil edilib. Lakin 2008-ci ildən məktəbimiz bu proqrama qoşulduqdan sonra əlaqələrimiz daha da sıxlaşıb. Almaniyadan müəllimlər bu dili tədris etmək üçün məktəbə dəvət olunurlar. Bundan başqa proqram çərçivəsində şagirdlərimiz alman dilindən imtahanlar verirərək diplom alır, 11 illik təhsili bitirdikdən sonra Almaniyaya gedib təhsillərini davam etmək şansı qazanırlar".
Daha sonra çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab tədbirin təşkilinə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib: "Məndən tez-tez soruşurlar ki, niyə Azərbaycanda alman məktəbi yoxdur. Burada ən azı 1 Fransız məktəbi, 1 Fransız ali məktəbi və bir neçə sayda ingilis məktəbi var. Bunun səbəbi özəl məktəbin yaradılmasına təşəbbüs göstərməməyimizdir. Biz istəmirik ki, bizim xaricdəki məktəblərdə yalnız imkanlı ailələrin uşaqları təhsil alsınlar. Biz bütün ailələrin bu dilə çıxışını təmin etmək istəyirik. Ona görə də daha geniş ərazidə tətbiq olunan və daha çox insanın bu dilə çıxışını təmin edən bir sistem yaratmaq niyyətindəyik. Təklif etdiyimiz layihələri xaricdə dövlət orqanları ilə birgə həyata keçirməyə üstünlük veririk. Alman qurumları ilə əməkdaşlıq qurulsa, bizim hökumətimiz bu dilin öyrənilməsinə dəstəyini etməyə hazırdır".
Nitqinin davamında bir neçə arzusunu ifadə edən səfir bu cür tədbirlərin davamlı keçirilməsini arzu edib: "Bugünkü tədbirə görə, məktəb rəhbərliyinə minnətdaram. Alman dili imkanlarınızı daha da genişləndirmək diləyi ilə sizə fəaliyyətinizdə uğurlar arzu edirəm. Bu gün diplom təqdim edəcəyimiz şagirdlərə isə alman dilini daha dərindən öyrənməyi arzu edirəm".
Tədbirin davamında Pasch-Schulen proqramı çərçivəsində alman dili imtahanından uğurlu nəticələr əldə edən, B1 kateqoriyası alan şagirdlərə diplom təqdim olunub.
Daha sonra tədbirdə məktəb şagirdlərinin ifasında müxtəlif rəqslər, musiqi nömrələri və kompozisiyalar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə