Azərbaycan Dillər Universitetində Milli Tempus İnformasiya gününə həsr olunmuş konfrans keçirilib - TƏDBİR

Azərbaycan Dillər Universitetində Milli Tempus İnformasiya gününə həsr olunmuş konfrans keçirilib - TƏDBİR
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Milli Tempus İnformasiya gününə həsr olunmuş konfrans keçirilib. SİA-nın xəbərinə görə, Avropa Birliyinin Tempus proqramının Bakı ofisinin və ADU-nun təşkilatçılığı ilə keçirilən tədbirdə Universitetin rektoru, millət vəkili Səməd Seyidov, təhsil naziri Misir Mərdanov, təhsil nazirini müavini Elmar Qasımov, Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı agentliyinin (EACEA) rəsmisi, Tempus proqramı üzrə məsul şəxs Franz Steidele, eləcə də ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan professor S.Seyidov konfrans iştirakçılarını salamlayaraq TEMPUS proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib və universitetin Avropa ölkələrinin qabaqcıl universitetləri ilə yalnız TEMPUS proqramı çərçivəsində deyil, uzun illərdir səmərəli əməkdaşlığa malik olduğunu qeyd edib. O, TEMPUS proqramı çərçivəsində Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyasını aparmasını Azərbaycan təhsilinin böyük uğuru kimi qiymətləndirib. Rektor bu layihənin Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsi və təhsil sahəsində islahatların daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. S.Seyidov əlavə edib ki, layihənin büdcəsi 1 milyon 100 min avro təşkil edir.

Təhsil naziri Misir Mərdanov isə çıxışında Avropa İttifaqının Tempus proqramında Azərbaycanın iştirakından danışıb. Tempus Proqramının fəaliyyət tarixinə toxunan təhsil naziri bildirib ki, proqram 1990-cı ildə icra olunsa da Azərbaycan bu proqrama 1995–ci ildən qoşulub və 22 layihədə iştirak edib. ADU-nun Tempus proqramının layihə koordinatoru seçilməsini yüksək qiymətləndirən M.Mərdanov universitetin Azərbaycanda aparıcı ali təhsil ocağı olduğunu vurğulayıb: "ADU-nun layihənin koordinatoru seçilməsi Azərbaycan təhsilinin uğurudur. Bu, bir daha onu göstərir ki, Azərbaycan Dillər Universiteti Avropaya inteqrasiya, eləcə də digər məsələlərdə ölkənin aparıcı ali təhsil ocağıdır. Son 20 ildə Azərbaycan 22, Gürcüstan 31, Ermənistan isə 36 layihənin iştirakçısı olub. Buna etira zetmək asandı. Bu məsələdə əsas günahkar bizik. Bizim xalqın çoxsaylı müsbət cəhətləri var. Ancaq biz danışmağı, yazmağı, oxumağı, əlavə təhsil almağı o dərəcədə də sevmirik. Ermənistan və Gürcüstanın həm əhalisi, həm də ərazisi Azərbaycanda azdır. Ancaq onun Avropa İtiifaqına təqdim etdiyi layihələr bizimkindən çoxdur. Burada biraz da Avropa Birliyinin ikili standartları mühüm rol oynayır. Çünki Avropa ölkələri heç də Azərbaycan, Ermənistan, Gürcüstana eyni münasibət bəsləmir. Biz daha çox iş görməliyik ki, bu istiqamətdə nəsə edə bilək. Tələb edirəm ki, bu işdə təhsil ictimaiyyəti fəal olsun ki, indiyə kimi etdiyimiz səhvləri gələcəkdə təkrarlamayaq".

Təhsi naziri həyata keçirilən layihənin Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına təkan verəcəyini vurğulayıb. M.Mərdanov Avropa İttifaqının Təhsil komissarlığı ilə birbaşa təmasların qurulmasının vacibliyini də bildirib.

Sonra çıxış edən Avropa İttifaqının Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia Azərbaycanla təmsil etdiyi qurumla əlaqələrindən söhbət açıb. Proqramın əhəmiyyətindən danışan R.Kobia Azərbaycanın bu layihədə iştirakını yüksək dəyərləndirib. Onun sözlərinə görə, proqram Azərbaycan və Avropa təhsil müəssisləri arasında mövcud əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.

Tədbirin davamında Milli Tempus Ofisinin rəhbəri Pərviz Bağırovun "Azərbaycanda Tempus və Milli Tempus Ofisinin rolu" və "Avropa Birliyinin digər proqramlarında Azərbaycan Universitetləri üçün imkanlar" mövzularından bəhs edən məruzəsi dinlənilib. Pərviz Bağırov məruzəsində kurrikulum, universitetin idarəolunması, keyfiyyətin təminatı, beynəlxalq münasibətlərin yaradılması, Azərbaycan universitetlərinin proqramda iştirakından geniş bəhs edib.

2010-cu ildə Tempus IV-ün xüsusiyyətləri və III təkliflərin nəticələri, eləcə də "Tempus proqramına müraciət etmək üçün yeni elektron qaydaları" haqqında isə Tempus Proqramı üzrə məsul şəxs, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı agentliyinin (EACEA) rəsmisi Franz Steidele məlumat verib. F.Steidele Avropa Birliyinin fəaliyyət proqramları və əməkdaşlıq, Avropa təhsil sistemi, eləcə də elektron müraciət qaydaları haqqında konfrans iştirakçılarını məluamtlandırıb. Konfrans səslənən məruzələr ətrafında müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, ADU-nun "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" adlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlib. Noyabrın 24-də isə ADU-da TEMPUS proqramı çərçivəsində "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" layihəsi ilə əlaqədar "İlkin məlumatlandırma konfransı" da keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə