Qəbul imtahanlarında qaydalar dəyişdi - Maksimal bal neçə olacaq?

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli təqdim edilib.

Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən SİA xəbər verir ki, 11 illik təhsil bazasında buraxılış imtahanı 1 mərhələdə keçiriləcək. İmtahan müddəti 3 saat olacaq. Şagirdlər Tədris dili ( Azərbaycan dili, rus), riyaziyyat, xarici dillər ( ingilis, alman, fransız, ərəb, fars) fənlərindən imtahan verəcək. Hər fənn üzrə maksimal bal 100 (ümumilikdə 300) olacaq.

Qəbul imtahanında isə maksimal bal 400 olacaq. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.

Bundan əlavə, tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə