Misir Mərdanov nazirlik qarşısında hicabla bağlı keçirilən etiraz aksiyasına münasibət bildirib

Misir Mərdanov nazirlik qarşısında hicabla bağlı keçirilən etiraz aksiyasına münasibət bildirib

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunun 14.10-cu maddəsində hicabla bağlı məsələ öz təsdiqini tapıb. Bunu SİA-ya açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir onu da diqqətə çatdırıb ki, artıq Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı müsbət fikirlər səslənməkdədir: "Biz demirik ki, dindən imtina edirik. Hamımız müsəlmanıq, İslam dininə sitayiş edirik və bütün qayda-qanunları yerinə yetiririk. Ancaq orta məktəb şagirdləri, qız və oğlanlar müəyyən olunmuş məktəbli geyimində təhsil ocağına gəlməlidirlər. Məktəbdən çıxandan sonra hər kəs istəyinə və arzusuna uyğun olaraq geyinə bilər".

Nazir qeyd edib ki, 65 illik ömründə Azərbaycanda hicabla gəzən qadınları çox görməyib, onun sözlərinə görə ancaq ağbirçəklər, nənələr başlarına şal örtər, kimdənsə utananda yaşmaqlanardılar. O bildirib ki, hər bir insan addım atanda ətrafına yaxın və uzaq yerdə baş verən hadisələrə uyğun addım atmalıdır.

Təhsil naziri, həmçinin bir neçə gün öncə nazirlik qarşısında etiraz aksiyasının keçirilməsinə də münasibət bildirib. O deyib ki, bu, müəyyən adamların, qüvvələrin xaricdə və daxildə olan müəyyən fikirli qurumların təşkil etdiyi bir aksiyadır: "Başqa cür qətiyyən ola bilməz. Ayrı-ayrı adamlarla çoxsaylı söhbətlər aparmışıq. Hətta 10-cu sinif şagirdi mənə zəng vuraraq hicab geyinməyə məcbur edildiyini bildirib və deyib ki, ya özümü öldürəcəyəm, ya da məktəbə gedəcəyəm. Azərbaycanda insanlar vəziyyəti mentalitetə uyğun qiymətləndirməlidirlər. Həmin şəxslərə müraciət edərək bildirirəm ki, hər halda səhv yoldan çəkinmək lazımdır. Yolun yarısından qayıtmaq da özü bir uğurdur. Peyğəmbərimiz də bunu tələb edir ki, biz işıq gələn tərəfə getməliyik, qaranlıq olan yerə yox. Xalqımızın inkişafı üçün dünyada gedən proseslərə nəzər salıb, ona uyğun yol tutmalıyıq. Belə çıxmasın ki, bunu Misir Mərdanov tələb edir. Bu Azərbaycan xalqı, dövləti və dövlətçiliyi ilə bağlı məsələdir. Hər bir dövlətin bir xətti var, biz də Azərbaycan dövlətinin bu xəttini tutaraq öz işlərimizi davam etdiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə