"Hər məktəbdə 3 psixoloq olmalıdır" ARAŞDIRMA

"Hər məktəbdə 3 psixoloq olmalıdır" ARAŞDIRMA

Tədris və tərbiyə müəssisəsi olan məktəblərdə müəllimlərin rolu əvəzsizdir. Müəllim uşaqlara, elm, bilik, savad verməklə yanaşı, onların vətənə layiq övlad kimi yetişməsində də böyük əmək sahibidir. Bəzən deyirlər ki, müəllim həm də psixoloq olmalıdır. Bəli, bu doğrudur. Müəllim psixoloq qabiliyyətindən uşaqlarla davranışında istifadə edə bilər. Lakin hər hansı şagirdin psixoloji probleminin həllində ona dərindən kömək edə bilməz. Belə olan halda köməyə məktəb psixoloqları gələ bilər. Bu da o deməkdir ki, məktəblərdə psixoloqların üzərinə çox çətin, məsuliyyətli iş düşür. Bəs görəsən məktəb psixoloqları necə fəaliyyət göstərməlidirlər? Onların fəaliyyətləri qaneedicidirmi?

"Psixoloqların işə qəbulu müsabiqə qaydasında həyata keçirilir"

Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib ki, artıq 4 ilə yaxındır ki, İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində psixoloqların işə qəbulu prosesi müəssisələrin daha yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə müsabiqə qaydasında həyata keçirilir: “Səmərəli tədris mühitinin formalaşdırılması baxımından məktəb psixoloqlarının üzərinə mühüm vəzifələr düşür. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2017-ci ildə paytaxt üzrə ümumi təhsil müəssisələrində məktəb psixoloqlarının ilkin monitorinqi keçirilib. Monitorinqin keçirilməsində məqsəd məktəb psixoloqlarının peşəkar ehtiyaclarını müəyyənləşdirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini öyrənməkdən ibarətdir. Ötən dərs ili ərzində də BŞTİ tərəfindən məktəb psixoloqlarının monitorinqləri davam edib. Monitorinqlər nəticəsində məktəb psixoloqlarının fəaliyyətinin təkmilləşdirilməsi, iş şəraitinin yaxşılaşdırılması və iş prosesinin səmərəliliyinin artırılması üçün görüləcək işlər müəyyənləşdirilib”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vaxtaşırı psixoloqlarla görüşlərin keçirildiyini deyən qurum sözçüsü söyləyib ki, görüşlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir: “Görüş zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili üzrə metodistləri "Məktəbdə psixoloji xidmətin təşkili" mövzusunda təqdimatlarla çıxış edirlər. Görüşlərdə məktəb psixoloqlarının fəaliyyəti zamanı qarşılaşdıqları problemlər haqqında söhbət açılır və qarşılıqlı müzakirələr aparılır. Psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr də verilir. Görüşlər zamanı psixoloqların fəaliyyət planı, ayrı-ayrı yaş qruplarına aid olan şagirdlərin idrak sferasının xüsusiyyətlərinin diaqnostikasının aparılması məsələləri müzakirə olunur, psixoloqlara bu istiqamətdə müvafiq alətlər və metodik tövsiyələr təqdim edilir”.

B.Məmmədov qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın bütün ümumi təhsil müəssisələrinin rəhbər, müəllim və digər əməkdaşları üçün hər tədris ili ərzində 2 dəfə təşkil olunan “Məktəb seminarları” çərçivəsində məktəb psixoloqları ilə də görüşlər keçirilib və müzakirələr aparılıb: “Sonuncu seminarların mövzusu “Şagirdlərin idrak sferasının korreksiyası və inkişaf etdirilməsi yolları” olub. Seminarda psixoloqları narahat edən əsas məsələlər ətrafında diskussiyalar təşkil olunub. Eləcə də, məktəb psixoloqları şagirdlərin təfəkkür, təxəyyül, diqqət, hafizə və nitq sferalarındakı qüsurlarını aradan qaldırmaq üçün əyani alətlərlə təmin ediliblər. Onu da qeyd edək ki, Bakı şəhərindəki ümumi təhsil məktəblərində fəaliyyət göstərən psixoloqlar üçün təlimlər təşkil edilib. Təlimlər “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi üzrə keçirilib. Təlimləri Rusiyadan olan ekspert Anna Antonova aparıb. Layihə ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib. Layihənin həyata keçirilməsinin əsas məqsədi məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, onlarda məktəb mühitini düzgün analizetmə qabiliyyətinin formalaşdırılması, şagird portfoliolarının yaradılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunmasıdır”.

Görəsən məktəblərdə psixoloqların sayı yetərlidirmi?

Bakı şəhəri üzrə Təhsil İdarəsi nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin psixoloqu, metodisti Səidə Əhmədova məktəblərdə hər pillə üzrə psixoloqların fəaliyyətinin vacibliyini bildirib: “Çünki elə məktəblər var ki orada kontingentin sayı 4 min nəfəri keçib. 4 min uşağa 1 psixoloq təbii ki, kifayət deyil. Hər məktəbdə 3 psixoloqun olması ilə bağlı təklif təqdim edilib. Bu təklifin gələcəkdə Nazirlər Kabineti təqdim edilməsi nəzərdə tutulur. Düzdür, bu təklifin bütün məktəblər üçün keçərli olması mümkün deyil. Amma kontingenti mindən çox olan məktəblərdə bunu tətbiq etmək olar. Hətta iki bölməli məktəblərdə rus və Azərbaycan dilli psixoloqların fəaliyyəti vacibdir. Hazırkı dövrdə uşaqların sosial şəbəkələrə, internetə meyllənməsi bir sıra neqativ hallara gətirib çıxa bilir. Belə hallarda onları başa düşən ilk şəxs psixoloq olur. Sinif müəllimləri də uşaqlara dəstək göstərə bilir. Lakin onlarla necə işləməyi bilmədikləri üçün belə uşaqlara yadım edə bilmirlər. Hər bir uşağa fərdi yanaşma tərzi göstərilməlidir. Məktəblər fəaliyyət göstərən psixoloqlar mütləq şəkildə bu ixtisası bitirməlidirlər”.

Məktəb psixoloqlarının əsas fəaliyyət istiqamətini nə təşkil edir?

176 nömrəli tam orta məktəbin psixoloqu Qəmər Bünyatova: “Hər bir uşağa fərdi yanaşmaq çox çətindir. Bizim əsas məqsədimiz uşaqlarda millilik, demokratiklik, vətənpərvərlik hisslərini aşılamaq, müstəqil həyatda özünü doğrulda biləcək vətəndaşlar yetişdirməkdir. Məktəb psixoloqları da işini bu istiqamətdə qurmalıdır. Məktəbin psixoloqu olaraq siniflərdə ilk işim uşaqların emosional durumunu yoxlamaqdır. Əgər ümumi sinifdə gərginlik, aqresiya varsa, onun səbəblərini araşdırır, fəaliyyətimi onun aradan qaldırılması istiqamətində qururam. Yeni tədris ilində fəaliyyətimizin əsas istiqamətini birincilər və məktəbə təzə gələn şagirdlər təşkil edir. Hər bir məktəbin öz daxili qaydaları olduğu üçün tədris ocağına yeni gələn uşaqlara kollektivə, qaydalara uyğunlaşması dövründə dəstək olmağa çalışırıq.

Təbii ki, bu işin öhdəsindən tək gəlmək çox çətindir. İşə məktəb psixoloqları ilə yanaşı sinif rəhbərləri, idarəedici heyət və şagirdlər cəlb edilir. Yeniyetmə dövründə olan şagirdlərlə daha fərqli fəaliyyət qurulur. Çünki, bu yaş dövründə şagirdlərdə fizioloji dəyişikliklər baş verir, sosiallaşma gedir və tez təsir altına düşə bilirlər. Şagirdlərin bu dövründə onların ünsiyyət qurma ilə bağlı problemləri yaranır. Yeniyetmə dövründə uşaqlara daha çox vaxt ayrılmalı, ünsiyyət qurulmalıdır. Təəssüf ki, məktəb psixoloqların işində müəyyən boşluqlar var. Çünki, bizə dərs olaraq siniflərlə çalışmaq üçün zaman ayrılmır. Ümumi siniflə işləmək imkanı olduqda, hər hansı problemi olan uşağı daha tez müəyyənləşdirmək olar. Bəzən uşaqlar öz problemlərini gizlədir, yardıma müraciət etmək üçün utanırlar. Lakin kollektiv şəkildə ayrıca dərs ayrıldıqda belə şagirdlərlə daha sıx çalışmaq olar. Ümumiyyətlə, yeniyetməlik dövründə olan şagirdlərlə erkən nikahlar, sanitar-gigiyena qaydaları və digər məsələlər haqqında maarifləndirmə aparılmalıdır. Bunun üçün dərs saatının ayrılması daha effektli ola bilər. Aşağı siniflərdə ən çox problem mütaliə ilə bağlı olur ki, kiçik yaşlı şagirdlər öz fikirlərini çatdırmaqda müəyyən çətinliklər çəkirlər. 7 yaşlı uşaqların böhran dövrü olur ki, həmin dövrdə hormonal fon formalaşır ki, bu dövrdə uşaqlara dəstək ola bilərik. Orta siniflərdə daha çox ünsiyyət qurmaqla bağlı narazılıqlar yaşanır ki, bu da fizioloji problemlərlə bağlı olur. Bu dövrdə də məktəb psixoloqlarının köməyi mühümdür. Yuxarı sinif şagirdləri müstəqil həyata qədəm qoyduqları üçün onlarla ünsiyyətdə gələcək həyatları ilə bağlı düzgün qərar vermək, cinsi tərbiyə məsələlərində daha çox üstünlük verilir”.

86 nömrəli tam orta məktəbin psixoloqu Sevinc Məmmədova: “14 ildir ki, ixtisasıma uyğun olaraq bu məktəbdə psixoloq kimi fəaliyyət göstərirəm. Məktəbdə ilk fəaliyyətim psixoloq olaraq uşaqlara lazımlı olduğumu isbat etmək idi. Çünki bizdə əvvəllər psixoloqlarda da psixiatr kimi baxırdılar və psixoloqa müraciət edənlərin yalnız xəstə olduğunu düşünürdülər. Hətta yanıma uşaq gətirəndə onlarda böyük aqresiya yaranır, xəstə olmadıqlarını vurğulamağa çalışırdılar. Artıq illərdən sonra uşaqlar bu fərqliliyi anladılar və indi çəkinmədən istənilən problemlərində rahat şəkildə mənə müraciət edirlər. Məktəbimizdə psixologiya ilə bağlı maarifləndirmə, profilaktik, diaqnostik, profilaktik tədbirlər davamlı şəkildə həyata keçirilməkdədir. Bu sahənin inkişafı istiqamətində işlər davam etdirilir. Hər yaş dövründə olan problemlər həm müəllim-şagird, həm də valideyn-şagird münasibətlərində özünü göstərir. Mənə ən çox 6 yaş və yeniyetməlik dövrünü yaşayan uşaqlarla bağlı müraciətlər edilir. Özümüzdə bu yaş dövründə olan uşaqları daim nəzarətdə saxlayır, onlara kömək etməyə çalışırıq. Məktəbimizdə siniflərin sayı çox olduğu üçün tək psixoloqun bütün işlərin öhdəsindən gəlməsi mümkün deyil. Belə uşaqların aşkar edilməsində mənə sinif rəhbərləri kömək edir. Sinifdə uşaqlarla daha çox fənn müəllimləri ünsiyyətdə olur və bu onlara problemli uşaqları müəyyən etməyə kömək edir. Biz də əlbəttə ki, müəllim-şagird münasibətlərinə xələl gətirməmək şərt ilə problem olan siniflərdə test keçirir, narahatçılığı olan şagirdlə ünsiyyət qururuq. Bəzən şagirdlərdə yaranan problemlər ailədən qaynaqlanır. Hər kəsə məlumdur ki, VII-VIII sinif şagirdlərində fizioloji dəyişikliklər baş verir. Lakin hazırda fizioloji dəyişikliklər tezləşib, hətta ibtidai sinif şagirdlərində belə dəyişiklərin baş verdiyini görmək mümkündür. Bu dəyişiklər psixoloji dəyişikliklərə də təsir edir. Belə olan halda, biz uşaqlarla bu istiqamətdə söhbətlər aparır, bu halı anlayışla qarşılamağı və onların öhdəsindən necə gəlməyi başa salırıq. Belə uşaqlarda xüsusi aqresiya, emosiya baş verir ki, bu da müəllim və ya valideynlər xüsusi konfliktlərə gətirib çıxara bilir. Bəzən belə yaşlı şagirdlərlə fəaliyyətə valideynləri də cəlb edirik. Çünki, valideynlər uşaqlarındakı olan problemi bilməli, övladlarının çətin dövrlərində onlara təmkinlə, anlayışla yanaşmalıdırlar. Valideyn, müəllim və psixoloq birlikdə işləməlidirlər. Əks halda, müsbət nəticə əldə etmək mümkün deyil. Lakin ən yaxşı nəticə əldə etmək üçün məktəb psixoloqlarına ayda iki dəfə xüsusi dərsin ayrılması vacibdir. Bu dərslər I, VI, V, VII və IX siniflər üçün təşkil edilsə daha məqsədəuyğun olar”.

Məktəblərdə psixoloqların fəaliyyəti ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Əjdər Ağayev bu xidmətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb: “Müəllim-şagird münasibəti, tədris prosesinin gedişi, məktəbə rəhbərlik və valideynlər münasibətlərini təhlil edən zaman görürük ki, çoxlu psixoloji boşluqlar var. Mən düşünürəm ki, məktəblərdə psixoloji xidmət genişləndirilməlidir. Düzdür, məktəblərimizdə yaxşı psixoloqlar var. Amma onların sayı çoxaldılmalıdır. Mən düşünürəm ki, müəllim ilk növbədə öz işinin vurğunu olmalıdır. Əgər hər bir şəxs öz işini və peşəsini sevsə daha böyük uğurlar əldə etmək mümkündür. Həmçinin məktəblərdə psixoloqların rəyinə qiymət verilməlidir. İnsana dəyər veriləndə, onun işi də güclü olur. Əgər bütün bunlar nəzərə alınarsa, məktəblərdə psixoloji xidmət ən avanqard mövqedə olan xidmət sahələrində biri kimi başa düşülər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə