Elmi-metodiki seminarlar fəaliyyətə başlayıb

Elmi-metodiki seminarlar fəaliyyətə başlayıb

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar bu gündən fəaliyyətə başlayıb. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, ilk seminar fizika fənni üzrə keçirilib. Seminarda DİM Direktorlar Şurasının sədri M. Abbaszadə, Mərkəzin məsul şəxsləri, Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Seminarda, həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitunun direktor müavini Ə. Abbasov və Tədris Resursları Mərkəzinin direktoru Z. İsayev iştirak ediblər.

Seminarın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:

1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli;

2. Dövlət İmtahan Mərkəzinin otk.az saytında yerləşdirilmiş layihələri (Məktəb dərsliklərinin mövzuları üzrə sınaq imtahanları, “Abituriyent” jurnalının 2018-ci ildə nəşr etdiyi Test toplularındakı test tapşırıqlarından ibarət mövzular və bütövlükdə bölmələr üzrə sınaq imtahanları) ;

3. Fizika fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək 1990-cı illərin birinci yarısında mövcud olan şəraitdən, ilk seminarların təşkil edilməsindən və onların əhəmiyyətindən danışıb. Sədr qeyd edib ki, “1992-1993-cü illərdə imtahanların məzmunu yalnız bu işə cəlb olunmuş bir neçə ekspertin fikrini ifadə edirdi. Odur ki, TQDK-nın (DİM-in) qarşısında duran əsas vəzifələrdən biri də ali təhsil almağa layiq abituriyentlərin seçilməsini təmin edən dövlət standartlarını yaratmaq idi. Və bu məqsədlə 1994-cü ildən etibarən ekspert qrupları yaradıldı, elmi-metodiki seminarlar təşkil olundu. Ümümtəhsil və ali məktəb müəllimlərinin, AMEA-nın əməkdaşlarının dəvət olunduğu bu seminarlarda müasir testologiyanın elmi əsasları öyrənilir, testlər tərtib edilir müxtəlif mövzular ətrafında müzakirələr aparılırdı”.

Həmin seminarların öz fəaliyyətini bu gün də uğurla davam etdirdiyini bildirən Sədr daha sonra 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçlara məlumat verib. M. Abbaszadə ona ünvanlanan sualları cavablandırıb.

2-ci məsələ ilə bağlı DİM-in əməkdaşı İ. Cəfərov qeyd olunan layihələr haqqında məlumat verərək onların təyinatını izah edib və internetdə əyani olaraq qeydiyyat və digər prosesləri nümayiş etdirib.

Bundan sonra seminarın rəhbəri professor M. Musayev 2019-cu ilin qəbul imtahanında Fizika fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramı müzakirəyə təqdim edib. Müzakirələr nəticəsində qəbul proqramı təsdiq edilib.

Seminar internet vasitəsi ilə canlı yayımlanıb. Qəbul proqramı yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə