Aİİ ilə Rusiya universitetləri arasında əlaqələrin qurulması müzakirə edilib

Aİİ ilə Rusiya universitetləri arasında əlaqələrin qurulması müzakirə edilib

Perm Vilayəti Müsəlman Ruhani İdarəsinin nümayəndəsi, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü, “Искренность” jurnalının baş redaktoru Səfa Kərimov Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Aİİ-nin rektoru Ceyhun Məmmədov qonağı salamlayaraq, Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb.

Bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirən C.Məmmədov Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu qeyd edib. Ceyhun Məmmədov Aİİ haqqında ümumi məlumat verərək institutun beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Rektor, institutun fəaliyyətində müxtəlif dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrinin təcrübələrindən faydalanıldığını bildirib. Ölkələrimiz arasında yüksək dostluq və əməkdaşlıq münasibətlərindən danışan rektor Aİİ-nin Rusiya universitetləri ilə əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib. Aİİ-nin Qafqazda, eləcə də dünyada qabaqcıl təhsil müəsisəsi olmağı qarşısına məqsəd qoyduğunu bildirən rektor gələcəkdə rus, ingilis və ərəb dillərində qrupların açılmasının planlaşdırıldığını, xarici ölkə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarının institutda təhsil alma imkanına malik olacağını qeyd edib.

Səfa Kərimov Azərbaycanda belə bir təhsil müəssəsinin fəaliyyətə başlamasını böyük məmnunluqla qarşılayıb. Aİİ-nin yaradılmasını tarixi bir hadisə kimi dəyərləndirən qonaq institutun məqsəd və hədəflərini yüksək qiymətləndirərək, ona fəaliyyətində uğurlar arzulayıb. S.Kərimov Rusiya universitetləri ilə əlaqələrin qurulmasında dəstək verməyə hazır olduğunu, tələbə, müəllim mübadiləsinin mümkünlüyünü bildirib.

Sonra S.Kərimov, institutun kitabxanasını ziyarət edib. Kitabxana fondunun zənginliyindən heyranlığını ifadə edən qonaq kitabxananın müxtəlif dillərdə ədəbiyyatlarla təmin edilməsi üçün əlindən gələni edəcəyini bildirib. Sonda S. Kərimov İslam dinindən bəhs edən, baş redaktoru olduğu “Искренность” jurnalını Aİİ rektoruna təqdim edib. Rektor C. Məmmədov da öz növbəsində S. Kərimova Aİİ adından azərbaycan dilinə tərcümə edilmiş Qurani-Kərim kitabı hədiyyə edib.

Müzakirə zamanı Aİİ-də birgə tədbirlərin təşkil edilməsi qərara alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə