Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının açılış mərasimi keçirilib-TƏDBİR

Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının açılış mərasimi keçirilib-TƏDBİR
Bu gün Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, konfransda təhsil naziri Misir Mərdanov, BDU-nun rektoru Abel Məhərrəmov, ali təhsil müəssisələrinin rəhbərləri və təhsil ictimaiyyətininin nümayəndələri iştirak ediblər.

Konfransda çxıış edən təhsil naziri Misir Mərdanov bildirib ki, nazirlik və ölkənin ali məktəbləri davamlı olaraq belə konfranslar keçirir. Onun sözlərinə görə, ilbəil bu konfransa maraq artır, iştirakçıların sayında artım müşahidə olunur. M.Mərdanov qeyd edib ki, Dövlət Ali Attestasiya Komissiyasının qərarı ilə konfransın tezisləri gələcəkdə elmi işini müdafiə edəcək gənc alimlərin elmi işi səviyyəsində qiymətləndiriləcək.

"İki gün davam edəcək konfransın işi müxtəlif elm sahələrini əhatə edən 21 bölmədə təşkil olunacaq. XV respublika elmi konfransında bütün ali təhsil müəssisələrinin, o cümlədən qeyri-dövlət ali məktəblərin doktorant və gənc tədqiqatçılarının iştirakı üçün şərait yaradılıb. Konfransa 20 ali məktəbdən 401 tezis təqdim olunub. Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası konfransda "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına 3 mükafatın verilməsi barədə qərar qəbul edibş və həmin mükafatlar konfransın bağlanış mərasimində təqdim olunacaq. Bundan əlavə, bölmələrin işində fəal iştirak edən tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatları təqdim olunacaq", - deyə o əlavə edib.

Nazir vurğulayıb ki, ötən ilki konfransa nisbətən bu il konfransda iştirak etmək istəyənlərin sayı 100 nəfər artıb. Onun fikrincə, bu da gənclərin elmə həvəsinin artması və bu konfransa olan rəğbətinin çoxalması kimi qiymətləndirilə bilər: "Konfransın səviyyəsini daha da yüksəltmək məqsədilə təqdim olunan tezislərə tələblər ciddiləşdirilib. Tezislərin həcmi 1 vərəqdən 3 vərəqə qədər artırılıb, mətnin sonunda istifadə olunan siyahının və iki dildə yazılmış xülasənin verilməsi zəruri sayılıb".

Tədbirin davamında çıxış edənlər ənənəvi olaraq bu konfransın keçirilməsini yüksək qiymətləndirib və gənc tədqiqatçıların respublika elmi konfransının gənclərdə elmə həvəsin stimullaşdırılmasında, marağın artmasında mühüm əhəmiyyətə malik olacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə