Rektor: "BSU-da təhsilin səviyyəsi həmişə diqqət mərkəzində saxlanılır"
Bu gün Bakı Slavyan Universitetində (BSU) “Bilik günü” ilə bağlı tədbir təşkil olunub. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyublar.
Tədbirdə tələbələri yeni tədris ili münasibətilə təbrik edən BSU-nun rektoru, professor Nurlana Əliyeva onlara dərslərində uğurlar arzulayıb. Azərbaycan təhsil sisteminin müasir dövrdə böyük nailiyyətlər qazandığını diqqətə çatdıran rektor bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş xalqımızın zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu bildirib. Vurğulanıb ki, son illər ölkəmizdə humanitar sahədə qazanılan uğurlar Prezident İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
N.Əliyeva diqqətə çatdırıb ki, BSU-da təhsilin səviyyəsi, tələbələrin biliklərə yiyələnmələri üçün yaradılan şərait hər zaman diqqət mərkəzində olub. Universitetin potensialının artırılması istiqamətində mütəmadi olaraq işlərin görüldüyünü deyən rektor bu il BSU-ya qəbul sayının ötən illərlə müqayisədə daha çox olduğunu bildirib. Universitetin qarşısında duran vəzifələrdən və məqsədlərdən danışan N.Əliyeva deyib: “Hazırda BSU regionun xarici ölkə universitetləri ilə beynəlxalq əməkdaşlıq quran ən fəal universitetlərindən birinə çevrilib. Başlıca məqsədimiz bu əlaqələri genişləndirməklə dünya təhsilinin ən mütərəqqi ənənələrini BSU-da tətbiq etmək, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaqdır”.
Sonra BSU tələbələrinin hazırladıqları bədii kompozisiya təqdim olunub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində görülən işlərdən, Prezident İlham Əliyev tərəfindən təhsilimizə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Nəsimi rayonundakı ali və orta məktəblərdə həm təhsilin səviyyəsi, həm də bu müəssisələrin vəziyyəti daim diqqət mərkəzində saxlanılır. Təhsil ocaqlarında yaradılan münbit şərait, onların texniki avadanlıqla təmin olunması ölkəmizdə müasir təhsil sisteminin inkişafının göstəricisidir.
BSU-nun filologiya və xarici dil müəllimliyi fakültəsinə 622 balla qəbul olunan birinci kurs tələbəsi Sitarə Şahmuradlı, 599 bal toplayan Aytac Hüseynli qazandıqları müvəffəqiyyətlə bağlı təssüratlarını bölüşüblər.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Elman Nəsirov BSU-ya yüksək balla qəbul olunan gəncləri təbrik edərək onlara təhsil sahəsində uğurlar arzulayıblar.
Universitetin professoru Rəhilə Quliyeva tələbə adını qazanan gəncləri bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətimizdə nümunə olmağa çağırıb, onları ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə səsləyib.
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq BSU-ya qəbul olunan tələbələr mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB